Gürcüstan, Tbilisi, 6 yanvar /Trend müxbir N.Kirsxaliya/
Gürcüstanda neft emalı zavodunun (NEZ) tikintisində üç xarici şirkət maraqlıdır. Trend-in məlumatına görə, bu barədə cümə günü Gürcüstan hökumətinin məlumatında deyilir.
Məlumata əsasən, bu mərhələdə məsələnin texniki cəhətdən öyrənilməsi gedir və şirkətlər 2-3 aydan sonra öz araşdırmalarının nəticələrini təqdim edəcəklər.
"Layihənin həyata keçirilməsi üçün böyük həcmdə investisiya, eləcə də neftin verilməsi məsələsi üzrə Azərbaycanla danışıqlara başlamaq lazımdır" , - məlumatda deyilir.
Məsələnin həllinə Gürcüstanın Tərəfdaş Fondu qoşulub. Fond özəl investisiyalarla yanaşı, dövlət əmanətlərini də təmin edir.
Əvvəl verilən məlumata əsasən, Koreyanın "Daewoo Engineering" şirkəti Gürcüstanda NEZ-in tikintisi ilə bağlı ilkin işlərə başlayıb.
Koreyalı investorlar bildirirlər ki, zavodun tikintisinin müddəti və miqyası ilkin işlər görüldükdən sonra məlum olacaq.
NEZ-in tikintisi Gürcüstan hökumətinin əsas prioritetlərindən biridir. NEZ-in tikintisi Gürcüstanın neft ixracından asılılığını azaltmalıdır.