Azərbaycan, Bakı, 17 yanvar /Trend/
ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyində Cənubi Koreyanın KOTRA (Koreya Ticarət İnvestisiyalarının Təşviqi Agentliyi) və KOPIA (Koreya Sənaye Müəssisələri Birliyi) nümayəndələrinin Birlik rəhbərliyi ilə görüşü olub.
İB-dən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, qonaqlar görüş zamanı Azərbaycan iqtisadiyyatının bütün sahələrində böyük irəliləyişlərin olduğunu məmnunluqla vurğulayıb, buna görə də Cənubi Koreyanın iş adamlarının respublika iqtisadiyyatının müxtəlif sahələrinə, o cümlədən neft-kimya sənayesinə investisiya qoyulmasına, yeni inşa ediləcək müəssisələrin müasir texnoloji avadanlıqla təminatına hazır olduqlarını, yeni obyekt və qurğuların tikintisində iştirak etmək niyyətlərini bildiriblər.
Koreya iş adamlarının Sumqayıt Kimya Sənaye Parkına da xüsusi maraq göstərdiyi nəzərə çatdırılıb. Bununla bağlı bildirilib ki, inşa ediləcək yeni parkın çox geniş olan ərazisində onlarla özəl şirkətlər və birgə müəssisələrin yaradılması nəzərdə tutulub ki, bu da kiçik və orta biznesin inkişafında, məhsul istehsalının stimullaşdırılmasında mühüm rol oynayacaq.
Diqqətə çatdırılıb ki, Koreya şirkətləri həm investiysiya qoyuluşu, həm ekoloji təmiz layihələri, modern və unikal qurğuları, həm də mütəxəssisləri ilə Azərbaycanda kiçik kimyanın inkişafında fəal ştirak edə bilərlər.
Tərəflər işgüzar görüşün ilkin mərhələsini yekunlaşdıraraq, qarşılıqlı əməkdaşlığı davam etdirməklə onu faydalı səmtə yönəltmək, real və səmərəli nəticəyə nail olmaq barədə razılıq əldə ediblər.