...

Fərdi hesabatlılıq Azərbaycanda MHŞT-nin inkişafına töhfə verəcək - ekspert

Energetika Materials 2 Mart 2012 17:35 (UTC +04:00)
Azərbaycanda Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) inkişafı sahəsində ən aktual məsələlərdən biri fərdi hesabatlılığın tətbiq edilməsi üzrə işlərin gücləndirilməsidir.
Fərdi hesabatlılıq Azərbaycanda MHŞT-nin inkişafına töhfə verəcək - ekspert

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir E.İsmayılov/

Azərbaycanda Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) inkişafı sahəsində ən aktual məsələlərdən biri fərdi hesabatlılığın tətbiq edilməsi üzrə işlərin gücləndirilməsidir. Bu barədə cümə günü Trend-ə müstəqil iqtisadçı İnqilab Əhmədov bildirib.

"Fərdi hesabatlılıq şirkətin Azərbaycanda fəaliyyəti çərçivəsində aldığı vəsaitin həcmi və məbləğ və ödənişlərin həcmi üzrə hesabatların mövcudluğunu nəzərdə tutur. Bu isə, ilk növbədə, dövlət büdcəsinə daxilolmaların və şirkətlərin verdiyi vergi ödənişlərinin həcminin uyğunluğunu təhlil etməyə və tutuşdurmağa imkan verəcək", - Əhmədov qeyd edib.

Əhmədovun sözlərinə görə, fərdi hesabatlılq şirkətlərə özləri haqqında və ayrı-ayrı layihələr üzrə məlumatlar təqdim etməyi nəzərdə tutur.

Hazırda ümumi hesabatlar yalnız "Şahdəniz" qaz-kondensat yatağının və "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun işlənməsi layihələri üzrə təqdim edilir. Gələcəkdə bu müqavilələr çərçivəsində işlər genişləndiriləcək, bu və digər layihələri nəzərə alaraq, müvafiq olaraq hər bir müqavilə üzrə daxilolmaların həcmini qiymətləndirmək çətin olur.

Buna uyğun olaraq, əgər hər bir şirkət və layihə üzrə hesabatlar ayrı-ayrı təqdim ediləcəksə, bu, gələcəkdə dövlət və cəmiyyətin maraqları baxımından mövcud layihələrin səmərəliliyini və şəffaflığını qiymətləndirməyə imkan verəcək.

"Əgər bunu etmək mümkün olsa, o zaman mövcud addım MHŞT-nin inkişafı işində real töhfə olacaq", - Əhmədov deyib.

Hesabatlılığın yeni forması məsələsinə toxunan (burada sosial və gömrük ödənişləri haqqında məlumatlar əks olunmalıdır) Əhmədov qeyd edib ki, hazırda MHŞT-nin çoxtərəfli qrupu ilin sonunadək bu istiqamətdə real nəticilərə nail olmaq üçün əhəmiyyətli planlara malikdir.

Əhmədovun sözlərinə görə, təşəbbüsün üstünülyü konsensus nəticəsində hər hansı bir qərarın əldə edilməsidir ki, bu da bəzən onun qəbulu prosesini yubadır.

Xəbər lenti

Xəbər lenti