...

ARDNŞ-nin Ekoloji Strategiyası Böyük Britaniyada təqdim edilib

Energetika Materials 28 Mart 2012 16:49 (UTC +04:00)
Martın 27-də Böyük Britaniya Krallığının Lordlar Palatasının üzvü Şeyx Muhammədin rəsmi dəvəti ilə Palatada təşkil olunmuş mərasimdə ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Huseynzadə "ARDNŞ-nin Ekoloji Strategiyası" mövzusunda təqdimat keçirib.
ARDNŞ-nin Ekoloji Strategiyası Böyük Britaniyada təqdim edilib

Azərbaycan, Bakı, 28 mart /Trend/

Martın 27-də Böyük Britaniya Krallığının Lordlar Palatasının üzvü Şeyx Muhammədin rəsmi dəvəti ilə Palatada təşkil olunmuş mərasimdə ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Huseynzadə "ARDNŞ-nin Ekoloji Strategiyası" mövzusunda təqdimat keçirib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, vitse-prezident mərasim iştirakçılarına Azərbaycanın zəngin neft tarixi, ARDNŞ və Azərbaycanın neft sənayesi barədə ətraflı məlumat verib, Dövlət Neft Şirkətinin xarici neft şirkətləri ilə əməkdaşlığı və xaricdə həyata keçirdiyi layihələr barədə geniş söz açıb.

Ətraf mühitin mühafizəsi sahəsində görülən işlər və əldə olunan nailiyyətlər üzərində xüsusi dayanan Hüseynzadə ARDNŞ-nin Ekoloji Siyasət Sənədinin, habelə "İstixana effekti yaradan qazların havaya buraxılmasının azaldılması üzrə", "İqlim dəyişmələrinin mənfi nəticələrinin azaldılması üzrə" strategiyalarının qəbul olunduğunu qeyd edib, bu sənədlərin başlıca məqsədlərindən danışıb. O, ARDNŞ tərəfindən səmt qazlarının utilizasiyası, çirklənmiş torpaqların və lay sularının təmizlənməsi sahəsində də ciddi işlər görüldüyünü bildirib.

Hüseynzadə ekoloji maarifləndirmə sahəsində aparılan müsbət tədbirlərin nümunəsi olaraq ARDNŞ tərəfindən yaradılan və ən müasir texnologiyalardan istifadə edilən Ekoloji Park barədə də söz açıb. Təqdimat mərasimində Böyük Britaniya Krallığının Lordlar Palatasının üzvlərindən lord Qurban, lord Newby, lord Patel, lord Kilcooney, lord Rogan, lord Popat, habelə tədbirin təşəbbüskarı lord Şeyx Muhəmməd və xanımı, hökumət nümayəndələri və 10-dan artıq ölkənin Britaniyada akkreditə olunmuş səfirləri, eləcə də ekologiya üzrə beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Təqdimat zamanı qonaqlara ARDNŞ-nin fəaliyyəti və ekoloji siyasətinə həsr olunmuş film, slaydlar və banerlər təqdim olunub. İştirakçılara Azərbaycana həsr olunmuş kitab, ekoloji broşür və fleşkart hədiyyə edilib. Təqdimatdan sonra Rəfiqə Huseynzadə Böyük Britaniyanin media nümayəndələrinin suallarını cavablandırıb. Tədbirin sonunda ARDNŞ tərəfindən qonaqlara ziyafət verilib.

Xəbər lenti

Xəbər lenti