...

Bu ilin iyununda Azərbaycan qazının Avropaya ixracı üzrə TAP və "Nabukko Vest" arasında yekun seçim aparılacaq

Energetika Materials 10 Yanvar 2013 20:15 (UTC +04:00)
Yanvarın 10-da Bolqarıstanın paytaxtı Sofiya şəhərində "Nabukko" layihəsi üzrə nazirlər səviyyəsində görüş keçirilib.
Bu ilin iyununda Azərbaycan qazının Avropaya ixracı üzrə TAP və "Nabukko Vest" arasında yekun seçim aparılacaq

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

Yanvarın 10-da Bolqarıstanın paytaxtı Sofiya şəhərində "Nabukko" layihəsi üzrə nazirlər səviyyəsində görüş keçirilib. Görüşdə "Şahdəniz" və "Nabukko" layihələrinin nümayəndə heyətləri, Bolqarıstan, Rumıniya, Macarıstan, Türkiyə və Avstriyanın hökumət nümayəndələri, eləcə də Avropa İnvestisiya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının və Avropa Komissiyasının təmsilçiləri iştirak ediblər.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, görüşdə Azərbaycan tərəfi sənaye və energetika nazirinin müavini Natiq Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Nümayəndə heyətinə ARDNŞ-nin rəsmi şəxsləri və ekspertləri daxil olub.

Bolqarıstan tərəfinin sədrlik etdiyi görüş zamanı "Nabukko" layihəsi çərçivəsində aparılan danışıqların mövcud vəziyyəti və qarşıda duran məsələlər ətraflı müzakirə olunub. Avropa Komissiyası və iştirakçı hökumətlərin nümayəndələri səviyyəsində layihənin inkişafına müsbət rəy bildirilib. Görüş iştirakçıları Azərbaycan qazının Avropa bazarına nəql olunmasında və bu bazarda rəqabətin inkişaf etdirilməsində maraqlı olduqlarını qeyd ediblər.

Görüşdə Bolqarıstanın Baş naziri Boyko Borisov "Nabukko" layihəsinin ölkəsi üçün çox önəmli olduğunu vurğulayıb.

Türkiyənin enerji və təbii ehtiyatlar nazirinin müavini Murat Mercan çıxış edərək TANAP layihəsi barədə ətraflı danışıb, Azərbaycan və Türkiyə arasında imzalanmış hökumətlərarası sazişin hər iki ölkənin parlamenti tərəfindən qəbul olunduğunu qeyd edib. Bildirilib ki, hazırda Azərbaycan qazının Avropaya ixracı istiqamətində TAP və "Nabukko Vest" kəmərləri rəqabət aparır, 2013-cü ilin iyununda həmin kəmərlər arasında yekun seçimin aparılması planlaşdırılır.

Görüş zamanı tərəflər müzakirə olunan Birgə Bəyannaməni imzalayıblar. Bəyannamədə layihənin birgə maliyyələşdirilməsi, potensial sərmayəçilərə 50 faiz miqdarında iştirak payının verilməsi və "Nabukko Vest" layihəsinin gələcək inkişafı barədə tərəflərin prinsip etibarilə razılığa gəlməsi əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti