Azərbaycan, Bakı, 11 yanvar / Trend, müxbir E.İsmayılov /
Qazıməmməd-Qazax magistral qaz kəmərinin Göyçaydan keçən hissəsində baş vermiş partlayış əhalinin qazla təchizatında problem yaratmayıb. Bu barədə cümə günü Trend-ə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyindən xəbər verilib.
Məlumata görə, partlayış sızma nəticəsində baş verib.
İstehlakçıların qazla təmin olunması üçün qaz köməkçi xətt vasitəsilə verilməyə başlayıb. Bunun nəticəsində əhalinin qazla təmin olunmasında problem yaranmayıb.
"Hazırda qaz kəmərinin partlayış baş verən hissəsində bərpa işləri aparılır", - İB-dən deyiblər.
Hadisə cümə günü səhər 07:20 radələrində diametri 1000 mm olan Qazıməmməd-Qazax magistral kəmərinin Göyçay rayonunun Qarabaqqal kəndinin dağlıq ərazisindən keçən hissəsində qeydə alınıb. Partlayışdan sonra güclü yanğın başlayıb.
Yanğın baş verən ərazi dağlıq sahə olduğundan, yanğınsöndürən maşınların hadisə yerinə gedə çatmasında çətinliklər yaranıb.