Azərbaycan, Bakı, 3 may /Trend, müxbir A.Bədəlova/
Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında energetika sahəsində əməkdaşlıq strateji xarakter daşıyır. Trend-in məlumatlına görə, bu barədə cümə günü Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle Azərbaycan Diplomatik Akademiyasında çıxışı zamanı deyib.
"Enerji mənbələrinin şaxələndirilməsi bizim üçün çox vacibdir. "Cənub qaz dəhlizi" Xəzər regionunu Aİ ilə birləşdirəcək və bu, Avropa üçün dəstək olacaq", - Füle bildirib.
Onun sözlərinə görə, Xəzər regionundan Aİ-yə qaz tədarükü üçün hansı boru kəmərinin seçilməsi vacib deyil, əhəmiyyətli olan layihənin kommersiya baxımından sərfəli olmasıdır.
Fülenin sözlərinə görə, bu boru kəməri ilə yalnız Azərbaycan qazı deyil, Türkmənistan qazı da nəql edilə bilər.
"Biz Azərbaycanın "Cənub qaz dəhlizi"ndə aktiv iştirakını qiymətləndiririk. Layihə Aİ ilə Azərbaycan arasında münasibətlərin möhkəmləndirilməsinə imkan verəcək", - Avropa komissarı bildirib.