...

ARDNŞ Gürcüstanda qaz xəttinin 29 km-lik hissəsinin tikintisini tamamlayıb

Energetika Materials 8 İyul 2013 19:23 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Neftqaztikinti" Trestinin Gürcüstan nümayəndəliyi "Abaşa-Senaki qaz xəttinin 29 km-lik hissəsinin tikintisi" layihəsi üzrə işləri başa çatdırıb.
ARDNŞ Gürcüstanda qaz xəttinin 29 km-lik hissəsinin tikintisini tamamlayıb

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Neftqaztikinti" Trestinin Gürcüstan nümayəndəliyi "Abaşa-Senaki qaz xəttinin 29 km-lik hissəsinin tikintisi" layihəsi üzrə işləri başa çatdırıb.

Trend-in ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumat görə, layihə ilə bağlı "Gürcüstan Neft və Qaz Korporasiyası" SC tərəfindən 30 yanvar 2012-ci il tarixdə elan edilmiş tenderin qalibi "Neftqaztikinti" Tresti olub və 4 iyun 2012-ci il tarixdə tərəflər arasında müqavilə imzalanıb.

"Neftqaztikinti" Trestinin Abaşa-Senaki qaz xəttinin 29 km-lik hissəsinin tikintisinə cəlb olunmuş mühəndis-texniki işçiləri Noqela, Texura və Çivi çayları, həmçinin müxtəlif kanal və magistral avtomobil yolları ilə kəsişən xəttin tikintisi zamanı TSE-ISO-EN 9001, TSE-ISO-EN 14001, TS-OHSAS 18001 və TS EN ISO/IEC 17025 beynəlxalq sertifikatlarının tələblərinə ciddi riayət ediblər. Qaz xətti üzərində 3 siyirtmə qovşağı quraşdırılıb, elektrokimyəvi mühafizə işləri yerinə yetirilib. Trestin balansındakı ABŞ istehsalı olan "American Augers" markalı horizontal qazma maşını ilə qaz xəttinin çəkilişi magistral avtomobil yollarının altından horizontal qazma üsulu ilə xəndəksiz keçməklə davam etdirilib.

Qeyd edək ki, 2006-cı ildən fəaliyyət göstərən "Neftqaztikinti" Trestinin Gürcüstan nümayəndəliyi qonşu respublikada neft-qaz boru kəmərlərinin və digər hidrotexniki qurğuların tikintisi, həmçinin infrastruktur layihələrinin icrası ilə məşğul olur. Nümayəndəlik bu günə kimi "Marneuli rayonunun Alqeti və Təzəkənd kəndlərinin orta təzyiqli qaz xətlərinin tikintisi", "Saquramo-Kutaisi magistral qaz kəmərindən Kareli şəhərinin mərkəzinə kimi orta təzyiqli qaz xəttinin tikintisi", "Marneuli rayonunun Didi Muqanlo kəndinin orta təzyiqli qaz xətlərinin tikintisi", "Duşeti şəhərinin və yaxınlıqda yerləşən kəndlərin orta təzyiqli qaz xətlərinin tikintisi", "Bolnisi rayonunun Faxralı kəndinin qazlaşdırılması" və s. bu kimi layihələri icra edib. Hazırda nümayəndəlik tərəfindən "Marneuli rayonunun Keşəli kəndinin orta təzyiqli qaz xəttlərinin tikintisi" layihəsi üzrə son tamamlama işləri aparılır.

Ümumilikdə nümayəndəlik tərəfindən bu günə kimi azərbaycanlıların kompakt yaşadığı 9980 abonentlik 11 kəndin qazlaşdırılması işləri yerinə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti