Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir E.ismayılov/
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) çərşənbə günü "Neft Daşları" yatağında yeni qaz turbin istilik elektrik stansiyasını istismara verib.
Trend-in məlumatına görə, stansiyanın açılış mərasimində ARDNŞ-in Prezidenti Rövnəq Abdullayev də daxil olmaqla şirkət rəhbərliyi iştirak edib.
Qaz turbin istilik elektrik stansiyasının gücü 45 meqavatdır. Stansiya hər birinin gücü 7,5 meqavat olan 6 turbindən təşkil olunub. Onlardan dördü qaz, ikisi isə, qaz və dizel yanacağı ilə işləyir.
Stansiya "Neft Daşları" və "28 May" neft və qaz idarələrinin elektrik enerjisi ilə təmin olması üçün nəzərdə tutulub.
ARDNŞ rəhbəri o cümlədən "Neft Daşları" Geofizika Sənaye İdarəsinin inzibati binasının və meydançasının açılış mərasimində də iştirak edib.
1800 kvadrat metr sahəyə malik olan ikimərtəbəli binada quyuqazma avadanlıqlarının təmiri sexi, iş otaqları, arxiv fondu, məlumatların işlənməsi üçün avadanlıqlar yerləşdirilib.