Azərbaycan, Bakı, 20 sentyabr/Trend, müxbir E. İsmayılov/
Azərbaycan neft hasilatı həcminin eniş dövrünü geridə qoyub. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, ARDNŞ-nin öz yataqlarında və xarici şirkətlərlə birgə işlənən "Azəri-
-Çıraq-Günəşli" yataqlar blokunda azalma tempi tam aradan qaldırılıb.
R. Abdullayev qeyd edib ki, hazırda neftin hasilat göstəriciləri hasilatın azalmasının dayandırıldığını təsdiq edir və ilin sonuna cüzi artım ola bilər.
ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib ki, bu il Azərbaycanda 43 milyon ton neft hasil etmək planlaşdırılır.
Onun sözlərinə görə, Azərbaycanda qaz ehtiyatları perspektivdə indiki 2,6 trilyon kubmetrdən 6 trilyon kubmetrədək artırıla bilər.
X. Yusifzadə bildirib ki, Azərbaycanın böyük qaz potensialı və yeni yataqları açmaq perspektivləri var: "Mütəxəssislərin proqnozlarına əsasən, "Şahdəniz" qaz-kondensat yatağının qaz ehtiyatları 1,5 trilyon kubmetr təşkil edə bilər".