...

Mariyam Valişvili: "Azərbaycan-Gürcüstan-Türkiyə" dəhlizi Avropa bazarlarını enerji resursları ilə təmin edəcək

Energetika Materials 27 Oktyabr 2014 12:21 (UTC +04:00)
Elektrik enerjisi "Azərbaycan-Gürcüstan-Türkiyə" enerji dəhlizinin inkişafında əlavə məhsul olacaq.
Mariyam Valişvili: "Azərbaycan-Gürcüstan-Türkiyə" dəhlizi Avropa bazarlarını enerji resursları ilə təmin edəcək

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir Emil İsmayılov/

Elektrik enerjisi "Azərbaycan-Gürcüstan-Türkiyə" enerji dəhlizinin inkişafında əlavə məhsul olacaq. Trend xəbər verir ki, bu barədə bazar ertəsi Bakıda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) investisiyalar və enerji tənzimlənməsi üzrə 13-cü illik Konfransında Gürcüstanın energetika nazirinin müavini Mariyam Valişvili deyib.

Onun sözlərinə görə, "Azərbaycan-Gürcüstan-Türkiyə" enerji dəhlizinin inkişafı Avropa bazarlarına enerji resurslarının ixracının təmin olunmasında mühüm əhəmiyyət kəsb edəcək və perspektivdə Xəzər regionundan enerji resurslarının nəqlinin genişləndirilməsində vacib rol oynayacaq: "Sıx əməkdaşlığın nəticəsi olan bu enerji dəhlizinin inkişafı Azərbaycan, eləcə də Gürcüstan və Türkiyə iqtisadiyyatları üçün mühüm əhəmiyyət kəsb edir".

Gürcüstanlı nazir müavini bildirib ki, dəhliz çərçivəsində əməkdaşlığın digər istiqaməti üç ölkə arasında enerji körpüsü layihəsinin inkişafıdır.

Bir müddət əvvəl energetika naziri Natiq Əliyev 2015-ci ildə bu dəhliz çərçivəsində elektrik enerjisinin nəqli və tranziti ilə bağlı bütün texniki və kommersiya məsələlərinin həll edilməsinin planlaşdırıldığını bildirmişdi.

ERRA-nın illik konfransında 100-dən artıq tənzimləyici orqanın 300-ə yaxın nümayəndəsi, ekspertlər, investorlar, alimlər, istehlakçılar, ətraf mühitin qorunması üzrə təşkilatların, inkişaf üzrə agentliklərin nümayəndələri, Mərkəzi və Şərqi Avropa, Şimali Amerika ölkələrindən başqa mütəxəssislər iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti