Azərbaycan, Bakı, 6 aprel /Trend/
Aprelin 4-də Neftçala rayonunun Birinci Qaralı kəndinə ilk dəfə olaraq təbii qaz verilib. SOCAR-dan Trend-ə verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, SOCAR, "Azəriqaz" İstehsalat Birliyi, Neftçala Rayon İcra Hakimiyyəti rəhbərliyinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
SOCAR prezidentinə məlumat verilib ki, 219 abonenti olan Birinci Qaralı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 19389 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 219 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Kəndə qazın verilişini bildirən rəmzi məşəli alovlandıran R.Abdullayev əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik edib. O son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən tədbirlərdən danışaraq qeyd edib ki, uzun müddət təbii qaz almayan yaşayış məntəqələri "mavi yanacaq"la təmin olunur. R.Abdullayev respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Tədbirdə çıxış edənlər kəndə ilk dəfə təbii qazın verilməsinə görə, Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.