...

BP: TANAP Türkiyəyə tədarükün təhlükəsizliyini təmin etməyə imkan verəcək

Energetika Materials 30 Noyabr 2019 12:30 (UTC +04:00)

Bakı. Ləman Zeynalova - Trend:

Trans-Anadolu qaz kəməri (TANAP) Türkiyəyə tədarükün təhlükəsizliyini təmin etməyə imkan verəcək.

Bunu Trend-ə layihədə 12 faiz pay sahibi olan BP şirkətindən bildiriblər.

Şirkətdən deyiblər ki, TANAP-ın səhmdarı olaraq BP layihənin reallaşdırılmasında əldə olunan irəliləyişdən məmnundur:

“Biz TANAP-ın Azərbaycandan Avropaya ilk qazın təhlükəsiz və uğurlu tədarükünü təmin edəcəyini gözləyirik”.

BP hesab edir ki, TANAP “Şahdəniz” yatağından Xəzər qazını Avropa bazarlarına ilk dəfə nəql edəcək Cənub Qaz Dəhlizinin vacib tərkib hissəsidir:

“Cənub Qaz Dəhlizi Avropanı yeni qaz mənbəyi ilə təmin edəcək və Avropa ölkələrinin enerji strukturunu şaxələndirməyə imkan verəcək. Bundan başqa, TANAP Türkiyəyə “Şahdəniz 2” yatağından 6 milyard kubmetr qaz almaqla tədarükün təhlükəsizliyini təmin etməyə imkan yaradacaq”.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.

Xatırladaq ki, TANAP ilə ilk qaz ötürülməsi 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər vilayətində baş tutub və həmin il iyun ayının sonuna Türkiyəyə qazın kommersiya tədarükləri başlayıb. 2018-ci il iyunun 30-dan 2019-cu il oktyabrın sonuna TANAP ilə qaz tədarükü 3,08 milyard kubmetr təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti