Bakı. Trend:
Rumıniya Azərbaycandan Avropa İttifaqına (Aİ) qaz və digər enerji resurslarının nəqli üçün çıxış qapısı olmaqla bağlı müstəsna şansa malikdir.
Trend-in məlumatına görə, bu barədə Bakı şəhərində səfərdə olan Rumıniya Deputatlar Palatasının sədri İon-Marçel Çolaku özünün Facebook səhifəsində yazıb.
"Biz bununla Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm regional iştirakçıya çevrilə bilərik", - deyən Çolaku səfər zamanı Azərbaycanla üç böyük enerji layihəsinin müzakirə olunduğunu əlavə edib.
"Bu, 1 milyard kubmetr qaz satın alınması üzrə müqavilədir və aprel ayından başlayaraq bir il müddətinə qüvvədə olacaq. Bu gün müzakirə olunan ikinci layihə maye təbii qaz nəqli və Qara dənizdə iki terminalın inşası üzrə Romgaz və SOCAR arasında tərəfdaşlıqdır", - Çolaku aydınlıq gətirib.
Tərəflərin səfər zamanı diqqət yetirdikləri üçüncü layihə Xəzər dənizindən Rumıniya vasitəsilə Avropaya yaşıl enerjinin nəqli üçün Qara dənizin dibi ilə sualtı kabelin çəkilməsi olub.
Xatırladaq ki, 17 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Sazişə əsasən Gürcüstanın Qara dəniz sahillərindən Rumıniyanın Qara dəniz sahillərindək elektrik kabelinin çəkilməsi nəzərdə tutulub.
Layihə çərçivəsində Azərbaycandan dörd qiqavat həcmində yaşıl enerjinin nəqlinə imkan verəcək kabel çəkilməsi planlaşdırılır.