...

Neft qiymətləri sürətli artımdan sonra ucuzlaşmaqdadır

Energetika Materials 28 Mart 2023 11:25 (UTC +04:00)
Neft qiymətləri sürətli artımdan sonra ucuzlaşmaqdadır

Bakı. Trend:

Dünyada neft qiymətləri öncəki gün 4%-dən çox qalxdıqdan sonra bu gün səhər ucuzlaşmaqdadır.

Trend-in məlumatına görə, sövdələşmə məlumatları bundan xəbər verir.

Brent markalı neftin iyun fyuçerslərinin qiyməti 0,49% azalaraq 1 bareli 77,38 dollara, WTI markalı neftin may fyuçerslərinin qiyməti isə 0,11% azalaraq 1 bareli 72,73 dollara düşüb.

Ötən gün Brent markalı neftin iyun fyuçerslərinin qiyməti 4,2%, WTI markalı neftdə isə 4,5% artmışdı. Dünya bazarlarındakı müsbət prosesə müflis olmuş "Silicon Valley Bank"ın depozit və kreditlərinin ABŞ-ın digər "First-Citizens" bankına keçdiyinə dair xəbərlər səbəb olmuşdu. Bu həmçinin neftə tələbatın azalmasına səbəb olan yeni bank böhranı və qlobal resessiya ilə bağlı narahatlıqları zəiflətdi.

"Görünür, son iki həftənin çaxnaşması zəifləməkdədir, bu, neftin qiymətinin yenidən qalxmasına imkan verməlidir. Lakin vəziyyət hələ də stabil deyil. Düşünmürəm ki, kimsə qərbi bank sektorunun problemli vəziyyətdən çıxacağından yüz faiz əmin olsun", - Vanda Insights təsisçisi Vandana Hari Bloomberg agentliyinə deyib.

Bazar iştirakçıları həmçinin ABŞ-da neftin kommersiya ehtiyatlarına dair məlumatları gözləməkdədir. Məlumatlar bu gün dərc olunacaq. DailyFX portalına əsasən, analitiklər ehtiyatların ötən həftə ərzində 187 min barel artacağını ehtimal edirlər. Öncəki hesabat ehtiyatların gözlənilmədən 1,1 milyon barel artdığından xəbər verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti