...

Bu gün Azərbaycan və Türkiyə arasında yeni yol xəritəsi imzalanacaq

Energetika Materials 29 Sentyabr 2023 10:11 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Naxçıvan. Trend:

Bu forum iki ölkə arasında əməkdaşlıq fürsətlərinin genişləndirilməsi baxımından önəmlidir.

Trend xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Naxçıvan şəhərində Azərbaycan-Türkiyə 3-cü Enerji Forumunda çıxışı zamanı deyib.

"Türkiyə və Azərbaycan olaraq Bakı-Tbilisi-Ceyhan kəməri, Bakı-Tbilisi-Ərzurum və TANAP boru xətti ilə bölgəmizin və Avropanın enerji təhülkəsizliyinə töhfə verən layihələri qarşıdakı dövrdə bərpaolunan enerji kimi fərqli sahələrdə genişləndirmək istəyirik.

Enerjidə böyük transformasiyaya ehtiyac var. Bunun da ikitərəfli və çoxtərəfli əməkdaşlıqlarla mümkün olacağını düşünürük. İnfrastruklarımızı yeniləmək lazımdır", - deyə nazir qeyd edib.

A.Bayraktar bildirib ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində azad etdiyi torpaqlarda və Naxçıvanda "yaşıl enerji"nin tətbiq edilməsində Azərbaycanın yanında olmağa davam edəcəklər.

"Bundan sonra da etibarlı və güclü iki dövlət olaraq işlərimizə davam edəcəyik. Digər tərəfdən, Azərbaycan və Türkiyə arasında elektrik enerjisi idxal və ixracının infrastrukturunun yaradılması ilə bağlı bu gün bir yol xəritəsi imzalanacaq. Bu sahədə çox önəmli bir addım atacağıq. Enerji sahəsində əməkdaşlığımızda olan yeniliklər ölkələrimiz arasında əlaqəni və Naxçıvanla bağlarımızı daha da möhkəmləndirəcək", - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Naxçıvan şəhərində Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və ilk dəfə “Naxçıvan - Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransı keçirilir.

Naxçıvan Biznes Mərkəzində keçiriləcək konfransda Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, energetika naziri Pərviz Şahbazov, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Birləşmiş Ərəb Əmirliklərinin iqlim dəyişikliyi və ətraf mühit naziri Mariam Mohammed Almheiri və digər rəsmi şəxslər iştirak edəcək. Tədbir çərçivəsində "enerji keçidi", "yaşıl enerji zonası", "Naxçıvanın yaşıl enerji potensialı" və digər mövzularda plenar sessiyaların keçirilməsi, Azərbaycan və Türkiyənin bir sıra yüksək vəzifəli şəxslərinin çıxışları nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlk Forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, ikinci Forum isə 2022-ci il 5-6 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti