Bakı. Trend:
Azərbaycanda "Azəri-Çıraq-Günəşli" (AÇG) blokunda "dərin qaz" hasil edəcək ilk quyu 2024-cü ilin ikinci yarısında qazıla bilər.
Trend xəbər verir ki, bu barədə bp-nin qaz və aşağı karbonlu enerjinin inkişafı üzrə vitse-prezidenti Katerina Papaleksandri (Xəzər qazının işlənməsi şöbəsi) Cənub Qaz Dəhlizi (CQD) Məşvərət Şurasının 10-cu nazirlər iclasında deyib.
"Ötən il AÇG-də neft hasilatı yatağının altındakı dərin qaz laylarının tədqiqi üçün qiymətləndirmə quyusu qazdıq. Quyulardan əldə etdiyimiz məlumatlar çox vədvericidir. Bu bizə ilin ikinci yarısında ilk hasilat quyusunun qazıntısını planlaşdırmaqda əminlik verir. Quyunu "Qərbi Çıraq" platformasından qazmağı nəzərdə tuturuq", - deyə o bildirib.
Papaleksandri qeyd edib ki, bp uğur əldə edərsə, gələn ilin əvvəlində AÇG-də ilk "dərin qaz"ı hasil edə bilər.
Xatırladaq ki, bp 2023-cü ilin yanvar ayında AÇG-də "Deep Gas" layihəsi çərçivəsində qiymətləndirmə quyusunu qazmağa başlayıb və qazma işlərini aprel ayında başa çatdırıb. Quyunun ümumi dərinliyi təqribən 4500 metrdir.
AÇG-nin səhmdarları: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Equinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Azəri-Çıraq-Günəşli" və "Qarabağ" yataqlarında və Bakı-Tbilisi-Ceyhan layihəsində "Equinor" şirkətinin payını satın alıb.
İştirak paylarının alınmasına dair əqdlər bütün tənzimləyici tələblərin və müqavilə öhdəliklərinin şərtlərinə əməl edilməklə başa çatdırılacaq.
X: @Lyaman_Zeyn
(Tərcümə: Rəna Əbdürəhmanova)