Bakı. Trend:
Sloveniya günəş enerjisi, hidroenerji, "ağıllı" texnologiyalar və digər aparıcı istiqamətlər üzrə öz təcrübəsini Azərbaycana təklif edə bilər.
Trend xəbər verir ki, bu barədə bu gün Sloveniyanın Ekologiya, İqlim və Energetika Nazirliyində energetika üzrə dövlət katibi Tina Sersen 29-cu Bakı Enerji Forumu çərçivəsində "Enerji təhlükəsizliyinin və dayanıqlılığın təmin olunması üçün beynəlxalq əməkdaşlıq" mövzusunda panel müzakirəsində deyib.
"Biz yeni tərəfdaşlar tapmalıyıq. Həmçinin ölkənin gələcəyi üçün vacib olan enerji daşıyıcılarının tədarükü məsələsi üzərində fəaliyyəti səbirsizliklə gözləyirəm. Fikrimcə, Azərbaycan və Türkiyə qaz tədarükü çərçivəsindən kənara çıxan yeni tərəfdaşlıqları inkişaf etdirmək və yaratmaq üçün böyük potensiala malikdir. Biz sizə, eləcə də bütün regiona günəş enerjisi, hidroenerji, "ağıllı" texnologiyalar və digər aparıcı istiqamətlər üzrə öz bilik və təcrübəmizi təklif edə bilərik. Təklif edə biləcəyimiz budur", - o deyib.
Qeyd edək ki, 29-cu Bakı Enerji Forumunda 600-dən çox nümayəndə iştirak edir. Forumda Azərbaycanla yanaşı, Avstraliya, Avstriya, Belarus, Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Gürcüstan, İsrail, Hindistan, İtaliya, Qazaxıstan, Qətər, Çin, Latviya, Monako, Niderland, Norveç, BƏƏ, Rusiya, Rumıniya, Səudiyyə Ərəbistanı, Sloveniya, ABŞ, Özbəkistan, Ukrayna, Finlandiya, Fransa, Çexiya, İsveçrə, İsveç və Yaponiya da iştirak edəcək. Bu il forumun proqramına rekord sayda (81) məruzəçi daxildir.
Forumun gündəliyinə həm Azərbaycan, həm də bütün Xəzər regionu üçün vacib olan enerji məsələləri daxil ediləcək. Gündəlikdəki əsas məsələlər enerji təhlükəsizliyi, enerji keçidi və "yaşıl" enerji layihələrinin nəzərdən keçirilməsi və maliyyələşdirilməsi ilə bağlıdır.
(Tərcümə: Rəna Əbdürəhmanova)