Bakı. Trend:
Aleksandrupolisdə üzən anbar və təkrar qazlaşdırma qurğusunun (FSRU) istismara verilməsinin ləngiməsi Komotini-DESFA birləşmə nöqtəsində işlərin başlanmasına birbaşa təsir göstərir.
Bu barədə Trend-ə Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) operatoru olan ICGB şirkətindən bildiriblər
Daha əvvəl 1 iyul 2024-cü ildə işə salınması planlaşdırılan Komotini-DESFA birləşmə nöqtəsinin kommersiya istismarı başqa tarixə keçirilib.
"Kommersiya istismarı hələ başlamasa da, birləşmə nöqtəsində iki sistemin fiziki birləşdirilməsi artıq başa çatıb. Aleksandrupolisdə FSRU-nun kommersiya istismarının uğurlu başlaması Komotini-DESFA birləşmə nöqtəsinin istismara verilməsi üçün xüsusi əhəmiyyət kəsb edir, belə ki, o, qazın Yunanıstanın DESFA ötürücü sistemi vasitəsilə IGB-yə fiziki olaraq vurulmasına imkan verəcək. Obyektin istismara verilməsində davam edən ləngimə birləşmə nöqtəsinin işə başlamasına birbaşa təsir göstərir. FSRU-nun işə salınmasını səbirsizliklə gözləyirik və Komotini-DESFA birləşmə nöqtəsinin mümkün qədər tez istismara verilməsini təmin etmək üçün səylə və bütün maraqlı tərəflərlə koordinasiyada işləməyə davam edəcəyik", - deyə şirkətdən bildiriblər.
ICGB-dən bildiriblər ki, Komotini-DESFA birləşmə nöqtəsi birləşdirici xətt sistemini Yunanıstanın milli operatorunun sistemi ilə birbaşa əlaqələndirməklə IGB üçün əsas rol oynayır.
"Bu xətt alternativ təbii qaz mənbələrinə, o cümlədən Yunanıstan ərazisində planlaşdırılan və mövcud maye təbii qaz (MTQ) terminallarına çıxışı təmin edir və bununla da interkonnektorun regional əhəmiyyətini artırır. Xüsusən, Aleksandrupolisdə IGB və FSRU arasında strateji qarşılıqlı təsir əhəmiyyətlidir, belə ki, terminalın işə salınmasının Yunanıstandan Bolqarıstana qazın fiziki axınını asanlaşdıracağı gözlənilir ki, bu da enerji təhlükəsizliyinin daha da artıracaq, Bolqarıstana və daha geniş regiona təbii qaz tədarüklərini şaxələndirəcək", - deyə şirkətdən bildiriblər.
ICGB MTQ terminalının kommersiya fəaliyyətinə başlamasının bazarın daha çox marağına səbəb olacağına ümid edir, çünki bu, indiyədək regionda o qədər də aktiv olmayan yeni oyunçular üçün tutumların bron edilməsinə daha çox imkan verəcək.
"Komotini-DESFA birləşmə nöqtəsinin strateji əhəmiyyəti artıq 2023-cü ildə IGB terminalın işə salınmasını gözləyərək birləşmə əlaqə nöqtəsində kvazi-illik tutum təklif edərkən tutumların bron edilməsi üzrə illik hərraclar zamanı bazarda müəyyən edilmiş güclü maraq ilə vurğulanıb", - deyə şirkətdən qeyd ediblər.
Qeyd edək ki, IGB-nin ümumi gücü ildə 3 milyard kubmetrdir, eyni zamanda Azərbaycandan qaz tədarükləri üçün 25 illik müqavilələr üzrə uzunmüddətli əsasda təqribən bir milyard kubmetr ehtiyat saxlanılır. Boru kəməri Bolqarıstanda qış aylarında daxili qaz istehlakının 50 faizindən çoxunu, yay mövsümündə isə 80 faizə qədərini təmin edir.
ICGB şirkəti hazırda ümumi gücü ildə 5 milyard kubmetrə çatdırmaqda bazarın marağını qiymətləndirir. Bu, həm də Bolqarıstan və Yunanıstanın tranzit rolunu gücləndirir.
X: @Lyaman_Zeyn
(Tərcümə: Rəna Əbdürəhmanova)