...

bp-dən Azərbaycanın enerji sektorunda qabaqcıl texnologiyaların tətbiqi barədə AÇIQLAMA

Energetika Materials 10 Oktyabr 2024 15:12 (UTC +04:00)
bp-dən Azərbaycanın enerji sektorunda qabaqcıl texnologiyaların tətbiqi barədə AÇIQLAMA
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Energetika sektoru rəqəmsal texnologiyalardan əhəmiyyətli dərəcədə asılıdır.

Trend xəbər verir ki, bu barədə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional strukturunun nümayəndəsi Aytən Hacıyeva Bakıda "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge” İnnovasiya Sammitində deyib.

"Energetika sektoru, o cümlədən, bərpa olunan enerji mənbələri, dekarbonizasiya və digərləri böyük dərəcədə rəqəmsal texnologiyalardan asılıdır. Buna görə də biz hələ 2015-ci ildə rəqəmsal transformasiyanın nə qədər vacib olduğuna xüsusi diqqət ayırmağa başladıq. Bu strategiyanı 60-dan çox ölkədə fəaliyyət göstərən bizneslərə tətbiq etdik.

Fəxr etdiyimiz bir çox layihələr mövcuddur və mən bu gün onlardan bəzilərini paylaşmaq istəyirəm. Ən qabaqcıl texnoloji və innovativ həllərlə həyata keçirdiyimiz ən böyük layihələrdən biri Cənub Qaz Dəhlizinin tikintisi oldu. 45 milyard dollar dəyərində olan bu nəhəng layihə 5 ölkəni əhatə edir və Azərbaycan qazını Avropa bazarına, İtaliyanın cənubuna çatdıraraq, regional ölkələr üçün böyük əhəmiyyət kəsb edir. Bu boru kəmərinin tikintisi üçün bir çox innovativ və texnoloji həllərdən istifadə etdik", - Aytən Hacıyeva bildirib.

Onun sözlərinə görə, bp tərəfindən hazırlanmış digər mühüm layihə sualtı boru kəmərlərinin bütövlüyünü təmin etmək və monitorinq aparmaq üçün uzaqdan idarə olunan sualtı aparatların istifadəsidir.

"Bu texnologiya Azərbaycanda sınaqdan keçirildi və biz öz bilik və təcrübəmizi mərkəzi komandalarla paylaşdıq. Bölgəmizdə əldə edilən digər nailiyyətlərdən danışarkən, AÇG yatağında tətbiq etdiyimiz 4D seysmik tədqiqatlarını və boru kəmərinin tikintisi zamanı tətbiq etdiyimiz üfüqi yönəldilmiş qazma texnologiyasını qeyd etmək lazımdır. Bu layihənin uğurlu icrası üçün unikal üfüqi qazma texnologiyasından istifadə etdik.

Bundan əlavə, BTC boru kəmərinin tikintisindən sonra peyk texnologiyalarından istifadə edərək mənzərənin bərpasını izlədik. Lakin fikrimcə, ən əhəmiyyətli nailiyyət bp tərəfindən sahildən idarə olunan ən qabaqcıl dəniz platforması olan “Azeri Central East” platformasıdır ki, bu yaxınlarda istifadəyə verilib. Bu, şirkətin gələcəyə yönəlmiş yanaşmasını göstərir. Biz bazarın tələblərinə uyğunlaşmağa çalışırıq və enerji keçidinə doğru irəliləyərkən rəqəmsal texnologiyalardan maksimum dərəcədə istifadə edərək, daha səmərəli, sürətli və dayanıqlı biznes yaratmağa çalışırıq", - o əlavə edib.

Qeyd edək ki, “PAŞA Holding”in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək, onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də, innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Xəbər lenti

Xəbər lenti