...

COP29-a görə cəlb edilən avtobuslardan 160-ı ekoloji cəhətdən tamamilə təmiz olacaq

Energetika Materials 21 Oktyabr 2024 16:13 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

COP29 üçün avtobus parkına cəlb olunan 160-a yaxın avtobus ekoloji cəhətdən tamamilə təmiz olacaq.

Trend xəbər verir ki, bu barədə COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf Bakıda "ESG hesabatlarının anlaşılması və təhlili [ekoloji, sosial və korporativ idarəetmə]" mövzusunda keçirilən seminarda bildirib.

"Konfransın iştirakçılarına xidmət göstərmək və nəqliyyat əməliyyatlarını təmin etmək üçün 350-dən çox avtobus cəlb edilib. Onlardan 160-ı ekoloji cəhətdən təmiz şəraitdə fəaliyyət göstərəcək elektrik avtobuslardır", - A.Nəcəf bildirib.

Bundan əlavə, nəqliyyat əməliyyatları üçün 60 Neoplan markalı avtobusdan istifadə olunacaq, “Bakubus” şirkətinin 160-a yaxın avtobusu isə tədbirin iştirakçılarının daşınmasında daimi olaraq iştirak edəcək.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti