Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “MERCEDES VİTO” markalı mikroavtobusun dəmir yolu xətti ilə hərəkətdə olan qatarla toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və avtomobildə olan sürücü və sərnişinin deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə mikroavtobusda sıxılı vəziyyətdə qalan 2001-ci il təvəllüdlü Rüstəmov Sərxan Taleh oğlunu və 1954-cü il təvəllüdlü Məmmədova Püstəxanım Baba qızını xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.