Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Green” ABŞ-nin "Schlumberger" (SLB) şirkəti ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında geotermal enerji potensialının hərtərəfli öyrənilməsi ilə bağlı birgə fəaliyyətlər həyata keçirəcək.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib.
Qeyd olunub ki, qlobal miqyasda bərpa olunan enerji mənbələrinin geniş tətbiq və təşviq olunduğu bir vaxtda geotermal enerji mənbələrindən istifadə mühüm əhəmiyyət kəsb edir.
Bildirilib ki, SOCAR COP28 çərçivəsində özünün dekarbonizasiya hədəflərini geniş ictimaiyyət qarşısında elan edib.
Məlumatda vurğulanıb ki, bu hədəflərə çatmaq və effektiv enerji keçidini təmin etmək üçün qarşımızda duran əsas məqsədlərdən biri də alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsidir:
“Bununla əlaqədar olaraq, COP29 zamanı “SOCAR Green” şirkəti ilə ABŞ-nin “SLB” şirkəti arasında Azərbaycanda geotermal enerji potensialının birgə öyrənilməsinə dair Anlaşma Memorandumu imzalanmışdır. Bu Memorandum tərəflər arasında bərpa olunan enerji, xüsusilə də geotermal enerji sahəsində əməkdaşlığın təşviqini nəzərdə tutur.
Razılaşmaya əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, həmçinin Azərbaycanın digər regionlarında geotermal enerji potensialının hərtərəfli öyrənilməsi, prioritet sahələrin seçilməsi, resursların qiymətləndirilməsi, ilkin texniki-iqtisadi əsaslandırmanın aparılması, layihələndirmə və s. bu kimi istiqamətlərdə birgə fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur”.
“Bu əməkdaşlıq Azərbaycanın "yaşıl enerji" hədəflərinə çatmasına töhfə verməklə yanaşı, bərpa olunan enerji mənbələrinin genişləndirilməsi və karbon emissiyaların azaldılması üçün əhəmiyyətli bir addımdır. Geotermal enerji sahəsində böyük təcrübəyə malik “SLB” şirkəti ilə bu əməkdaşlıq ölkəmizdə bərpa olunan enerji mənbələrinin genişləndirilməsi sahəsində qabaqcıl layihə həllərinin, yeni yanaşmaların və müasir texnoloji imkanların tətbiqinə öz mühüm töhfəsini verəcək. Həmçinin bu razılaşma ölkəmizin geotermal enerji resurslarının effektiv şəkildə öyrənilməsinə və qiymətləndirilməsinə imkanlar yaradacaq.
Qeyd olunanlardan əlavə “SOCAR Green” ilə “SLB” şirkəti arasında əməkdaşlıq SOCAR-ın qlobal miqyasda dekarbonizasiya sahəsində müsbət imicinin formalaşması ilə yanaşı, enerji keçidinə verdiyi töhfəsini bir daha nümayiş etdirəcək”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Green” COP29 çərçivəsində ABŞ-nin "Schlumberger" (SLB) şirkəti ilə ölkədə geotermal enerji potensialının birgə öyrənilməsi üçün əməkdaşlıq barədə razılığa gəlib.