...

Azərbaycanda daha iki KSES-in tikintisinə başlanılır – 43,5 milyon manatlıq layihə

Energetika Materials 10 Fevral 2026 16:05 (UTC +04:00)
Azərbaycanda daha iki KSES-in tikintisinə başlanılır – 43,5 milyon manatlıq layihə
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Çardaqlı-1 və Çardaqlı-2 kiçik su elektrik stansiyalarının (KSES) tikintisi işlərinə başlanılır.

Trend-in məlumatına görə, “Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyəti (ASC) artıq bununla bağlı müvafiq işlərə start verib.

Belə ki, qurum hazırda KSES-lərin tikintisini icra edəcək şirkəti müəyyənləşdirməkdədir.

Eyni zamanda “Azərenerji” ASC görüləcək işlərin 43,5 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, xüsusən də “yaşıl enerji” istehsalı üzrə hədəflər müəyyən olunub. Bu hədəflərə nail olunması üçün strateji addımlar atılmaqdadır. Bu çərçivədə yeni elektrik stansiyaların istismara verilməsi isə xüsusi önəm kəsb edir. Yeni stansiyaların istismara verilməsi ilə ölkənin elektrik enerjisi istehsalı artım dinamikası nümayiş etdirməkdədir. Belə ki, 2025-ci il üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 262,3 milyon kilovat saat (kVt·st), yəni 0,9% artaraq 28,657 milyard kVt·st olub.

Bu dövrdə istilik elektrik stansiyalarında (İES) 24,823 milyard kVt·st, su elektrik stansiyalarında (SES) 2,842 milyard kVt·st, digər mənbələr üzrə isə 991,6 milyon kVt·st, o cümlədən külək elektrik stansiyalarında 169,7 milyon kVt·st, günəş elektrik stansiyalarında 599,8 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 222,1 milyon kVt·st elektrik enerjisi istehsal edilib.

2024-cü illə müqayisədə külək və günəş elektrik stansiyalarında 162,3 milyon kVt·st artımla 769,5 milyon kVt·st elektrik enerjisi istehsal edilib.

2025-ci ildə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 25,592 milyard kVt·st (İES-lərdə 22,704 milyard kVt·st, SES-lərdə 2,827 milyard kVt·st, GES-lərdə 61,1 milyon kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 27 milyon kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 3,039 milyard kVt·st təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 1,147 milyard kVt·st, idxalı isə 177,2 milyon kVt·st olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti