...

Hilmi Gülər: "Ceyhanda neft birjası yaradılacaq"

Energetika Materials 30 İyun 2006 11:49 (UTC +04:00)

Türkiyənin energetika və təbii sərvətlər naziri Hilmi Gülər bəyan edib ki, dünyanın müxtəlif dövlətlərindən neft, təbii və maye (LPG) qazın daxil olacağı Ceyhan limanında neft birjası yaradılacaq. Nəticədə burada yeni indeksli neft - Ceyhan nefti əmələ gələcək.

Nazirin sözlərinə görə, artıq bu istiqamətdə hazırlıq işlərinə başlanıb. "Ceyhanda Kərkük-Yumurtalıq, Bakı-Tiflis-Ceyhan (BTD) və Samsun-Ceyhan boru kəmərləri kəsişəcək. Nəticədə liman enerji ehtiyatlarının 3 növünün də olduğu dünya iqtisadiyyatının nadir mərkəzinə çevriləcək", - deyə H.Gülər qeyd edib.

Onun sözlərinə görə, Qazaxıstan BTC-yə qoşulduqdan sonra Bosfor və Dardanel boğazlarının yüklənməsi azalıb. "Bu gün Türkiyə boğazlarından keçən tankerlərin maksimum tonnajı 120 min ton təşkil edir. Eyni zamanda Ceyhan limanına 350 min tonluq tankerlər gələ bilər", - deyə türkiyəli nazir vurğulayıb.

O, Azərbaycandan Avropaya "mavi yanacağ"ın tədarükü məsələsinə də toxunub. Nazirin sözlərinə görə, Şahdəniz yatağından hasil edilən qaz tezliklə Yunanıstan və İtaliyaya ixrac olunacaq.

"Yaxın vaxtlarda qaz kəmərinin Türkiyə və Yunanıstan arasındakı dəniz hissəsi hazır olacaq", - deyə H.Gülər bildirib.

Samsun-Ceyhan qaz kəmərinə gəldikdə isə, nazir qeyd edib ki, bu istiqamətdə Rusiya ilə danışıqlar davam etdirilir. "Bu boru kəmərinə tələbat yüksəkdir", - deyə o nəzərə çatdırıb. H.Gülər əlavə edib ki, Ceyhan limanının artan yüklənməsi ilə əlaqədar yeni rezervuarlar tikiləcək.

"Dünyada neftin qiymətinin artması səbəblərindən biri rezervuar çatışmazlığıdır. Məhz buna görə biz Ceyhan limanında yeni neft rezervuarları tikəcəyik", - deyə H.Gülər sonda bildirib.

Xəbər lenti

Xəbər lenti