Bu gün Türkiyədə elektrik enerjisinin barter mübadiləsi haqqında gürcü və türk energetikləri arasında danışıqlar başlanıb. Paylayıcı enerji şirkətinin baş direktoru Quram Jqentinin Trend ə xəbər verdiyi kimi, gürcü tərəfi 2005-2006-cı illərin payız-qış dövründə fəaliyyət göstərən sazişə bənzər ikiillik saziş imzalamaq niyyətindədir.
Bu sazişə müvafiq olaraq, Türkiyə qışda Gürcüstana ilkin olaraq 50-70 meqavatt elektrik enerjisi verib, sonra isə Gürcüstan borcun bu miqdarını SES-lərin tam gücü ilə işlədiyi vaxtda - yayda qaytarıb. Gürcü tərəfi bu il 100 meqavatt almaq niyyətindədir.
Gürcü nümayəndə heyətinə energetika nazirinin müavini Aleksandr Xetaquri başçılıq edir.