Azərbaycan,Bakı/ Trend /Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev cümə axşamı NATO Parlament Assambleyasının vitse-spikeri, Ruminiya parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mixail Lupou ilə görüşüb.
Nazirliyin məlumatında bildirilidiyi kimi, tərəflər Azərbaycan və NATO arasında münasibətlərin inkişafı məsələləri, regionda neft-qaz boru kəmərlərinin təhlükəsizliyi problemlərini müzakirə edib. Tərəflər Krakovda keçirilmiş enerji sammitinin yekunları barədə fikir mübadiləsi aparıb. Nazir bəyan edib ki, Azərbaycan enerji təhlükəsizliyi üzrə Avropa İttifaqı ilə saziş imzalayan ilk dövlətdir.
Mixail Lupou isə öz növbəsində Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd edib. Görüşdə "Nabuko" qaz kəmərinin perspektivinə də toxunulub. Natiq Əliyev ölkəmizin bu layihədə iştirakda maraqlı olduğunu bildirib.
Nazir bildirib ki, Qazaxstan və Türkmənstanın da bu kəmərə qoşulması üçün Avropa öz səylərini artırmalıdır.
Nazirlə görüşdə həmçinin Rumıniyanın "Rompetrol" şirkətinin müşaviri Nikole Uraçe də iştirak edib. Görüşdə Azərbaycanın öz neftini Rumuniyaya birbaşa çatdırması və onun yolları barədə də fikir mübadiləsi aparılıb.