Azərbaycan, Bakı / Trend / Bazar ertəsi Azərbaycan Dövlət Neft Şirkətinin (ADNŞ) prezidenti Rövnəq Abdullayev "Verbundnetz Gas" SC şirkətinin nümayəndə heyəti ilə görüşüb. Nümayəndə heyəti şirkətin qaz alınması üzrə direktoru Toni Filippin rəhbərliyi altında "Neft, qaz, neftayırma və neftkimya" beynəlxalq sərgi-konfransında iştirak etmək üçün Bakıya gəlib.
ADNŞ-in məlumatında bildirildiyi kimi, görüşdə Filipp qeyd edib ki, onun şirəkti ADNŞ ilə əməkdaşlıqda maraqlıdır, belə ki, bunun üçün qaz sənayesində bütün imkanlar mövcuddür.
Abdullayev Bakıda neft-qaz sərgi və konfransının keçirilməsinin bu sahədə məşğul olan şirkətlərlə əməkdaşlıq üçün əhəmiyyətli olduğunu vurğulayıb. ADNŞ rəhbəri bildirib ki, görüşdə təqdim olunmuş bütün təkliflər mütəxəssislər tərəfindən öyrəniləcək.
1969-cu ildə yaradılmış "Verbundnetz Gas" SC (VNG AG) (Leyptsiq) beynəlxalq bazarlarda çalışan müəssisələr qrupunun əsas şirkətidir. "VNG AG"ın əsas fəaliyyəti iri topdansatış istehlakçılar üçün təbii qazın idxalı və çatdırılması, həmçinin təbii qazın yeraltı saxlanmasıdır.
"VNG AG"ın müştəriləri kommunal və regional enerji tədarükçü müəssisələri, sənaye obyektləri, kiçik biznes müəssisələri və qaz nəqliyyatı şirkətləridir.
Hazırda şirkətin səhmdarları aşağıdakılardır: "EWE" - 47,9 faiz, "Wintershall AG" - 15,79 faiz, "VNG Verwaltungs und Beteiligungsgesellschaft mbH" - 25,79 faiz, "EEG" - 5,26 faiz və "Qazprom" ASC - 5,26 faiz.