...

"Alfa Bank"ın analitiki: "Qazaxıstanda yeni alyansların yaranması mümkündür"

Energetika Materials 29 Avqust 2007 15:39 (UTC +04:00)
"Alfa Bank"ın analitiki: "Qazaxıstanda yeni alyansların yaranması mümkündür"

Azərbaycan, Bakı/ Trend , müxbir A.Bədəlova/ Neft-qaz sahəsi üzrə "Alfa Bank"ın analitiki Andrey Fedorov hesab edir ki, Qazaxıstanda məmurların dəiyişilməsi ölkənin digər dövlətlərlə iqtisadi əlaqələrinə təsir etmir.

"Dövlətlərarası səviyyədəki əlaqələrə bu, heç cür təsir etmir. Energetika sahəsində məmurların yenidən təyin olunması daha çox kommersiya qurumları ilə qarşılıqlı əlaqələrlə bağlıdır" - deyə analitik çərşənbə günü telefonla bildirib.

Nursultan Nazarbayev Sauat Mınbayevi Qazaxıstanın energetika və minireral ehtiyatlar naziri təyin edib. O, bu vəzifədə Baktıkoja İzmuhabetovu əvəz edib. Mınbayev öncə dövlət aktivlərinin idarə olunması üzrə "Samruk" holdinqin idarə heyətinin sədri vəzifəsini tutub. Həmçinin prezidentin fərmanı ilə İzmuhabetov Qərbi Qazaxıstan vilayətinin akimi təyin olunub. "Samruk" dövlət holdinqinin rəhbəri vəzifəsinə elektrik şəbəkələrinin idarə olunması üzrə milli şirkətə rəhbərlik edən Kanat Bozumbayev təyin olunub.

Fedorovun fikrincə, yeni alyansların formalaşması, həmçinin yeni oyunçuların daxil olması mümkündür.

"Qazaxıstanın energetika sahəsi hələ də xarici bazarlar üçün çox cəlbedicidir. Amma bir çoxları üçün ora daxil olmaq bu və ya digər səbəblərdən kifayət qədər çətindir" - deyə o söyləyib.

Onun sözlərinə görə, həmçinin hamı "Kaşaqan" yatağının işlənilməsi ilə bağlı nə baş verəcəyini gözləyir. "Burda nəsə dəyişikliklər baş verə bilər. Lakin bu, ilk növbədə dövlət siyasəti ilə müəyyən olunur, ümumilikdə isə məmurlar mövcud bölgüyə təsir etmirlər" - deyə analitik bildirib. Fedorovun sözlərinə görə, Qazaxıstanın iqtisadi kursu açıqlıq baxımından ciddi dəyişilməyəcək. O hesab edir ki, Qazaxıstan investorlar üçün kifayət qədər açıqdır.

"İstənilən halda energetikanı inkişaf etdirmək üçün ciddi ehtiyatlar, o cümlədən xarici ehtiyatlar, həmçinin infrastruktur layihələrinin həyata keçirilməsi lazımdır. Açıqlıq planında çox mühüm dəyişikliklər olmayacaq, əksinə, xarici investorlar üçün yeni imkanlar yaranacaq" - deyə analitik əlavə edib.

Xəbər lenti

Xəbər lenti