Bakı. Trend:
Trend GoldenPay şirkətinin idarə heyətinin sədri Naina Mehdiyeva ilə müsahibəni təqdim edir
- 2021-ci ilin yekunları haqqında nə deyə bilərsiniz? Hansı yeniliklər tətbiq edildi?
- Əvvəla, qeyd etmək istərdim ki, 2021-ci ildə biz nəzərdə tutduğumuzdan da artıq nailiyyətlər əldə edə bildik. Ötən ilin avqust ayında mobil tətbiqimizin funksionallığını artırmaqla istifadəçilərə təqdim etdik. Qeyd edim ki, hal-hazırda tətbiqimizin tamamilə yenilənmiş dizaynı üzərində işləyirik. Bununla yanaşı olaraq xidmət çevrəmizi genişləndirdik, sığorta məhsullarının alışı, ƏDV-nin geri qaytarılması, SMS-radar xidmətindən istifadə, PAŞA Bank kartı balansının onlayn izlənilməsi, tədbir biletlərinin alınması və bir sıra digər xidmətləri platformamıza əlavə etdik. Həmçinin, bazarda ilk olaraq Açıq Bankçılıq xidmətini qeyri-bank sektoruna inteqrasiya edən ilk şirkət olduq. Artıq Bank Respublika müştəriləri Hesab.az-da öz hesablarını izləyə bilirlər.
- Keçən ilin maliyyə göstəriciləri və istifadəçi auditoriyası haqqında nə deyə bilərsiniz?
- 2021-ci ilin ümumi dövriyyəsində ötən ilin analoji dövrü ilə müqayisədə 42% artım əldə etdik. Şirkətin ümumi gəlirlərində isə son bir il ilə müqayisədə 61%, xalis mənfəətində 94% artım müşahidə etdik. İnsanların maliyyə vəsaitlərindən onlayn istifadəyə artan marağını və onlayn ödənişlərin aktualaşmasını istifadəçi auditoriyasındakı artımda da görmək mümkündür. Belə ki, son bir ildə Hesab.az-ın qeydiyyatlı istifadəçi sayında ciddi dəyişikliklər olduğu müşahidə edilmişdir. Hesab.az-ın qeydiyyatlı istifadəçi sayı 2020-ci ildə 614 minə çatdığı halda, 2021-ci ildə bu rəqəm 680 mindən çox olmuşdur. Hazırda isə bu rəqəm 700 mindən daha çoxdur. 2021-ci ildə əldə etdiyimiz nailiyyətləri daha ətraflı yeni açıqladığımız maliyyə göstəricilərindən əldə edə bilərsiniz: https://bit.ly/3jZUk8P
- Hesab.az-da hansı xidmətlər daha çox istifadə olunur?
- Ödənişlərin əsas payı mobil balansın artırılması, kommunal xidmətlər və internet üzrə, eləcə də stasionar telefon xidmətlərinə düşür. Ötən ildə bank xidmətləri üzrə ödənişlərin həcmində də artım müşahidə etdik.
- Ortamüddətli perspektivdə, o cümlədən 2022-ci ildə hansı yeni xidmətlər tətbiq olunacaq?
- İnnovasiyalar dövründə GoldenPay istifadəçilərini hər zaman yeni xidmətlər ilə sevindirir. Bizim əsas məqsədimiz istifadəçilərimizin bir çox xidmətlərdən onlayn, harada olmalarından asılı olmayaraq - evdə və ya iş yerində rahatlıqla istifadə edə bilmələrini təmin etməkdir.
2022-ci ildə Hesab Shop onlayn alış-veriş platformasının yaradılması əsas planlarımızdan biridir. Bu kontekstdə biz “hamısı bir yerdə” prinsipi ilə elektron ticarəti həyata keçirməyi planlaşdırırıq. Satıcı və istehsalçıların Hesab Shop-da biznesləri üçün onlayn mağaza açaraq məhsullarını daha geniş auditoriyaya təqdim etmələri üçün platforma hazırlayırıq.
Artıq yuxarıda qeyd etdiyimiz kimi, planımızda Hesab.az mobil tətbiqinin yenidən dizayn edilməsi də var. Ən son tendensiyalara uyğun hazırlanmış müasir dizayn istifadəçilərimizin mobil tətbiqdən daha rahat istifadə etməsinə imkan yaradacaq.
- Ödəniş sisteminizin rəqəmsal kartını buraxmağı nəzərdə tutulurmu?
- 2022-ci il üçün planlaşdırılan əsas prioritetlərimizdən biri - “Hesab Kart” rəqəmsal kart məhsulunun buraxılmasıdır. Bu kart məhsulu kredit və debet kartının bütün əsas funksiyalarını özündə birləşdirəcək. Bu kartı əldə etməklə istifadəçilərimiz həm alış-veriş, həm də onlayn ödənişlər zamanı daha çox cashback qazanmaq imkanı əldə edəcəklər.
Bu kartı təqdim etməkdə əsas məqsədimiz istifadəçiləri nağdsız ödənişlərə stimullaşdırmaqdır ki, bu da şübhəsiz ki, şirkətimizin 2022-ci il üçün inkişaf strategiyasına daxildir.