...

Dünya Bankı ilə əməkdaşlıq təkcə Azərbaycanda deyil, bütün regionda daha dayanıqlı iqtisadiyyatın qurulmasına imkan yaradacaq - Taleh Kazımov (FOTO)

Maliyyə Materials 19 Aprel 2024 17:47 (UTC +04:00)
Dünya Bankı ilə əməkdaşlıq təkcə Azərbaycanda deyil, bütün regionda daha dayanıqlı iqtisadiyyatın qurulmasına imkan yaradacaq - Taleh Kazımov (FOTO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Vaşinqton. Trend:

Dünya Bankı (DB) ilə əməkdaşlıq təkcə Azərbaycanda deyil, bütün regionda daha dayanıqlı iqtisadiyyatın qurulmasına bundan sonra da imkan yaradacaq.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Taleh Kazımov Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Qrupunun (DBQ) Vaşinqtonda keçirilən yaz iclasları çərçivəsində direktorlar qrupunun iclasında çıxışında deyib.

O qeyd edib ki, Azərbaycan inklüziv və dayanıqlı artımı təmin etməklə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində qətiyyətli kurs götürüb.

"Bu baxımdan mühüm irəliləyiş əldə olunub. Son 20 il ərzində ümumdaxili məhsul (ÜDM) 5 dəfə artıb. Son iyirmi il ərzində qeyri-neft məhsullarının ixracı təqribən 9 dəfə artıb. Qeyri-neft sektoru 2022-ci illə müqayisədə 11 faiz artaraq 3,3 milyard dollara çatıb. Strateji valyuta ehtiyatları 68,5 milyard dollar olaraq dəyərləndirilir ki, bu da 2023-cü ildə 17 faiz artım deməkdir. Azərbaycanın cari hesab balansının profisiti 8,3 milyard dollar olub ki, bu da 2023-cü ildə ölkənin ümumi ÜDM həcminin 11,5 faizini təşkil edir. AMB-nin proqnozlarının baza ssenarisinə əsasən, 2024-cü il üzrə cari hesab balansının profisiti təqribən 7 milyard dollar, xarici ticarət profisiti isə 10,6 milyard dollar səviyyəsində gözlənilir", - deyə Mərkəzi Bankın sədri bildirib.

T.Kazımov Azərbaycanda illik inflyasiya səviyyəsinin azaldığını əlavə edib.

"2024-cü ilin fevral ayında 12 aylıq inflyasiya 0,8 faiz, 12 aylıq baza inflyasiyası isə 1,4 faiz olub. İdxal məhsullarının qiymətlərinə dolayı təsir son üç il ərzində Azərbaycanda inlfyasiyanın əsas mənbəyi olub. Postpandemiya dövründə ticari tərəfdaşlarda inflyasiya artımı 2022-ci ilin sentyabr ayında 22 faiz olmaqla pik həddə çatıb və 2023-cü il ərzində tədricən iki dəfə azalıb. Lakin üç il ərzində manatın nominal effektiv məzənnəsi ildə təqribən 15 faiz artıb ki, bu da inflyasiya təzyiqinin zəifləməsinin əsas amili olub. AMB 2024-cü ilin sonuna illik inflyasiyanın 5,3 faiz səviyyəsində olacağını proqnozlaşdırır", - T.Kazımov deyib.

Sədr AMB-nin pul-kredit siyasətinin transmissiyasının güclənməsinə yönəlmiş bir sıra islahatlar həyata keçirdiyini qeyd edib.

"Buraya pul-kredit siyasətinin yeni vasitələrinin tətbiqi və pul transmissiyasının yaxşılaşdırılmsı üçün banklararası inkişafa dəstək daxildir. İlk dəfə AMB pul bazarının təminatsız (AZIR - Azerbaijan Interbank Rate) və təminatlı (AINA - AZN Index Average) seqmentləri üzrə baza dərəcələrinin indekslərini dərc edib. Dövlət istiqrazları üzrə hesablanmış gəlirlilik əyrisi ilk dəfə AMB-nin saytında dərc olunub. Bu islahatlar sayəsinidə pul bazarında banklar arasında həm təminatsız, həm də təminatlı əqdlər üzrə manatla nominasiya olunmuş orta çəkili faiz dərəcələri ilk dəfə olaraq Mərkəzi Bankın faiz dərəcələri dəhlizinə stabil şəkildə yerləşib. Bu islahatlar pul bazarında qısamüddətli faiz dərəcələrinin digər faiz dərəcələrinə, o cümlədən depozit və kreditlər üzrə dərəcələrə transmissiyasını gücləndirməyə davam edir", - deyə Mərkəzi Bankın sədri bildirib.

O qeyd edib ki, bu müddət ərzində maliyyə institutları, maliyyə bazarları və maliyyə infrastrukturunun sabitliyi təmin olunub.

"Bankların kapital yetərliliyi və likvidlik üzrə yüksək mövqeləri son 2 il ərzində müvafiq olaraq təqribən 18 faiz və 60 faiz olmaqla, normativlərdən iki dəfə artıqdır. Bankların son 3 il ərzində kredit portfeli ölkədə qiymət sabitliyinə zərər yetirmədən sabit şəkildə 17,9 faiz artıb. Fevral ayında kredit portfelinin keyfiyyətinin yaxşılaşdırılması sayəsində qeyri-işlək kreditlərin payı 2,8 faizədək azalıb. Dedollarlaşma baxımından mühüm irəliləyiş əldə olunub. Ev təsərrüfatlarının xarici valyutada əmanətləri fevral ayındakı əmanətlərin ümumi həcmi ilə müqayisədə 35,3 faizədək azalıb", - T.Kazımov deyib.

Sədrin sözlərinə görə, AMB-nin ilk dəfə təqdim etdiyi yeni strategiyada əsas diqqət bank sektorunda nəzarət və tənzimləmə prioritetlərinə, eləcədə maliyyə sektorunun inkişaf planlarına yönəldilib.

""2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"nın strateji hədəfləri maliyyə əlçatanlılığının artırılması və maliyyə vasitələrinin şaxələndirilməsininn təşviqi, effektivliyin artırılması, şəffaflığın təmin olunması və maliyyə sektorunun dayanıqlılığının gücləndirilməsindən ibarətdir. Bazarın peşəkar artımına dəstək bu strategiyanın özülünü təşkil edir. Bu strategiya sistematik səviyyədə iqlimlə əlaqədar risklərlə mübarizədə effektiv mexanizm olacaq dayanıqlı maliyyələşdirməyə keçidə sadiqliyimizi əks etdirir", - deyə T.Kazımov bildirib.

AMB sədri Azərbaynın bu il COP29-a ev sahibliyi edəcəyinə də toxunub.

"2024-cü il il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. COP29-a ev sahibliyi etmək Azərbaycanın təkcə milli deyil, həm də regional və qlobal miqyaslarda iqlim dəyişiklikləri ilə əlaqədar problemlərin həllində səylərini təsdiq edir. COP29-a sədr qismində rolumuz planetimizin xeyrinə olaraq, beynəlxalq tərəfdaşlarımızı iqlim dəyişiklikləri ilə mübarizə tədbirlərinin təşviqinə cəlv etmək üçün mühüm imkan yaradır. COP29-da ambisiyalarımızı artırmağa kömək edəcək mühüm tədbir vasitəsi olaraq, maliyyə vəsaitinə birinci dərəcəli diqqət ayrılacaq. Səmimiyyətlə inanırıq ki, Dünya Bankı ilə əməkdaşlıq təkcə Azərbaycanda deyil, bütün regionda daha dayanıqlı iqtisadiyyatın qurulmasına bundan sonra da imkan yaradacaq", - deyə o sonda deyib.

Qeyd edək ki, aprelin 15-də Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankı Qrupunun (DBQ) Yaz İclasları öz işinə başlayıb.

Nazirlər səviyyəsində əsas görüşlər və tədbirlər 17-19 aprel tarixlərində, digər görüşlər isə 15-20 aprel tarixlərində keçirilir.

BVF-in İnkişaf Komitəsi və Beynəlxalq Valyuta-Maliyyə Komitəsinin iclasları əsas tədbirlərdən biridir. Burada DBQ və BVF-in fəaliyyəti müzakirə olunur.

BVF-in yaz iclaslarında mərkəzi bankların rəhbərləri, maliyyə və inkişaf nazirləri, parlamentarilər, özəl sektor və vətəndaş cəmiyyətinin, habelə elmi təşkilatların nümayəndələri bir araya gələrək qlobal narahatlıq doğuran problemləri, o cümlədən dünya iqtisadiyyatı ilə bağlı məsələləri, yoxsulluğun aradan qaldırılması və iqtisadi inkişafla bağlı mövzuları müzakirə edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti