Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) son 30 il ərzində Azərbaycanda 200 layihəyə təxminən 3,6 milyard avro sərmayə qoyub.
Trend xəbər verir ki, bunu bankın istiqrazlar üzrə, Mərkəzi Asiya, Qafqaz və Türkiyə üzrə direktor müavini Mixail Qreçiko AYİB-in istiqrazlarının BFB-də yerləşdirilməsinə həsr olunmuş “Açılış Zəngi”ndə bildirib.
O xatırladıb ki, AYİB Azərbaycanda ən böyük sərmayəçilərdən biridir:
"Son 30 il ərzində biz Azərbaycanda 200 layihəyə təxminən 3,6 milyard avro sərmayə qoymuşuq, bunlar müxtəlif sahələri əhatə edir, məsələn, bərpa olunan enerji, infrastruktur və energetika. Məsələn, "Masdar"la birlikdə günəş elektrik stansiyası, "ACWA Power"la birlikdə külək elektrik stansiyası və s. qeyd edə bilərəm.
Mən çox şadam ki, bu gün biz bu uğurlar siyahısına yeni bir mərhələ əlavə edirik. Bu dəfə ölkənin maliyyə sektorunda yeni addım atırıq. Çünki kapital bazarları və maliyyə sektoru Azərbaycandakı strategiyamızın strateji sütunlarından biridir. Bu sütun çərçivəsində biz sərmayələri təşviq edirik, yaşıl layihələri dəstəkləyirik, inklüziv maliyyələşdirməni dəstəkləyirik, kiçik və orta sahibkarlara yardım edirik və həmçinin tənzimləyici orqanlarla, o cümlədən Azərbaycan Mərkəzi Bankı ilə fəal və məhsuldar əməkdaşlıq edirik ki, bu sahədə bir çox nailiyyətlər əldə etmişik. Xüsusilə son illərdə biz yerli tənzimləyici bazarın inkişafına kömək etmişik. Bu da istiqrazlarımızın yerli bazarda buraxılmasına imkan yaratdı. Biz həmçinin törəmə maliyyə alətləri ilə bağlı tənzimləmə islahatlarına dəstək olmuşuq".
Mixail Qreçiko vurğulayıb ki, Azərbaycan Mərkəzi Bankı ilə birlikdə AYİB pul bazarının inkişafı çərçivəsini tamamlayıb:
"Biz həmçinin Mərkəzi Bank ilə birgə yaşıl gündəliyi fəal şəkildə təşviq edirik. Keçən il, COP tədbirləri zamanı, Bakı şəhərində, bir sıra ustad dərsləri keçirmişik, bu da yerli banklara iqlim risklərinin idarə olunmasını təkmilləşdirməyə kömək edib. Beləliklə, kapital bazarları strategiyamızın əsas prioritetlərindən biri olaraq qalır. Biz burada dayanmayacağıq. Mən əminəm ki, bu əməliyyat - AYİB istiqrazlarının yerləşdirilməsi gələcək buraxılışlar üçün yol açacaq".