Bakı. Trend:
BMT-nin Azərbaycandakı ofisi COP29 sədrliyinin təşəbbüslərinin həyata keçirilməsinə dəstək olmaq fürsətini səbirsizliklə gözləyir.
Trend xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı daimi rezident-əlaqələndiricisi Vladanka Andreyeva Bakıda BMT və Azərbaycan arasında dayanıqlı inkişaf məsələləri üzrə əməkdaşlıq (2026-2030) haqqında Çərçivə sənədi çərçivəsində “Yüksək səviyyəli strateji prioritetləşdirmə” mövzusunda keçirlən tədbirdə çıxışında bildirib.
“Son illər biz Azərbaycanın bir sıra çoxtərəfli məsələlərin həllində, o cümlədən iqlim böhranı ilə mübarizədə - xüsusilə COP29 sədri olaraq - təkcə milli səviyyədə deyil, həm də regional və qlobal səviyyələrdə öz rolunu möhkəmləndirməsinin şahidi olmuşuq. BMT-nin Azərbaycandakı komandası ötən il COP29 sədrliyi ilə sıx əməkdaşılıq şəraitində işləməkdən böyük şərəf hissi duyub. COP29-un razılaşdırılmış nəticələri ilə yanaşı, prezidentin 14 təşəbbüsü iqlim dəyişikliyi ilə mübarizədə həm qlobal, həm də regional səviyyələrdə önəmli bir mirasdır. Bu kontekstdə BMT-nin Azərbaycandakı ofisi sədrliyin bu təşəbbüslərinin gerçəkləşdirilməsinə dəstək olmaq və iqlim dəyişikliyi ilə mübarizədə BMT dəstəyinin miqyasını genişləndirməyə kömək etmək fürsətini səbirsizliklə gözləyir”,- deyə o bildirib.