Bakı. Trend:
BMT-nin məqsədi Azərbaycanın bütün sakinlərini “yaşıl” və dayanıqlı gələcəklə təmin etməkdir
Trend xəbər verir ki, bu haqda BMT-nin Azərbaycandakı daimi rezident-əlaqələndiricisi Vladanka Andreyeva Bakıda BMT və Azərbaycan arasında dayanıqlı inkişaf məsələləri üzrə əməkdaşlıq (2026-2030) haqqında Çərçivə sənədi çərçivəsində “Yüksək səviyyəli strateji prioritetləşdirmə” mövzusunda keçirlən tədbir çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
“Biz dayanıqlı inkişaf məqsədlərinə - bütün 18, o cümlədən 17 qlobal və minalardan təmizlənmə ilə bağlı milli məqsədə - nail olmaq üzrə milli səylərə daha yaxşı necə dəstək göstərə biləcəyimizi müəyyənləşdirmək imkanını səbirsizliklə gözləyirik. Hədəfimiz – heç kimi geridə qoymamaq və Azərbaycanın bütün sakinlərini “yaşıl” və dayanıqlı gələcəklə təmin etməkdir", - o deyib.
Onun sözlərinə görə, bugünkü görüşlərin gedişində ən vacib prioritet istiqamətlər müəyyənləşdiriləcək.
“Biz bu məcrada işləri davam etdirəcəyik. Əməkdaşlıq haqqında cari saziş çərçivəsində bizim dörd strateji prioritetimiz var: inklüziv iqtisadi artım, institutların gücləndirilməsi, iqlim dəyişikliyi ilə mübarizə və qadın və qızların hüquq və imkanlarının genişləndirilməsi. Biz bu istiqamətləri qoruyub saxlayacağıq”,- deyə Andreyeva bildirib.
O həmçinin vurğulayıb ki, bərpaolunan enerji və iqlim təşəbbüsləri sahəsində Azərbaycanla əməkdaşlığın davam etdirilməsi BMT-nin diqqət mərkəzində qalmaqdadır.
“Hal-hazırda biz COP29-la bağlı təşəbbüslərin və prezident proqramlarının gerçəkləşdirməsi və onların Azərbaycan kontekstinə uyğunlaşdırılması baxımından ən yaxşı realizə yollarını müzakirə etməkdəyik. Bunlara bərpa oluna bilən enerji mənbələrinin inkişafı, regional tərəfdaşlıqlar, yeni milli səviyyədə müəyyən edilmiş töhfələr və kompleks "yaşıl" iqtisadiyyat planının icrası daxildir ki, bu da bizim yeni əməkdaşlıq çərçivə sazişimizin bir hissəsi olacaq", – deyə V. Andreyeva əlavə edib.