...

Azərbaycanın yeni "yaşıl" gücü: daxili bazara töhvə və regional perspektivlər

Yaşıl iqtisadiyyat Materials 8 Yanvar 2026 22:00 (UTC +04:00)
Azərbaycanın yeni "yaşıl" gücü: daxili bazara töhvə və regional perspektivlər
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycanda Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş, 240 MVt gücündə olan “Xızı–Abşeron” külək elektrik stansiyasının rəsmi açılış mərasimi keçirildi. Obyektin istifadəyə verilməsi yalnız milli enerji sisteminin inkişafında növbəti mərhələ deyil, həm də Azərbaycanın regionda “yaşıl” enerjinin əsas mərkəzlərindən birinə çevrilməsinin mühüm göstəricisidir.

Bu stansiyanın tikintisi üçün Abşeron rayonunda 14,2, Xızı rayonunda isə 22,6 hektar olmaqla ümumilikdə 37 hektara yaxın torpaq sahəsi bərpaolunan enerji mənbələrinin ərazisi müəyyən edilib. Layihə üzrə burada hər biri 6,5 MVt olan ümumilikdə 37, o cümlədən Abşeronda 12, Xızıda 25 turbin, həmçinin ölçü-müşahidə stansiyaları, quşların mühafizəsi sistemləri quraşdırılıb. Layihənin icrasına təxminən 340 milyon ABŞ dolları xarici investisiya yönəldilib. Stansiyanın illik enerji istehsalı həcmi təqribən 1 milyard kilovat-saat nəzərdə tutulur ki, bunun da nəticəsində 220 milyon kubmetr təbii qaza qənaət olunacaq və 400 min tondan çox karbon qazının atmosferə atılmasının qarşısı alınacaq. Layihənin baş podratçısı Çinin “Power China Group”un törəmə şirkəti olan “Power China Huadong Engineering Co., Ltd.”dir.

“Xızı-Abşeron” külək elektrik stansiyasının istifadəyə verilməsi ölkənin enerji sektoru üçün sistemli əhəmiyyət daşıyır. Birincisi, layihə elektrik istehsalının şaxələndirilməsinə və daxili enerji balansının bərpaolunmayan yanacaqlardan asılılığının azaldılmasına xidmət edir. Külək enerjisi sayəsində azad olan təbii qaz həcmləri ilk növbədə Avropa bazarlarına ixrac oluna bilər ki, bu da Azərbaycanın artan tələbat və Avropanın enerji təhlükəsizliyinə artan diqqət şəraitində etibarlı enerji təchizatçısı kimi rolunu gücləndirir.

İkincisi, stansiya milli enerji sisteminin dayanıqlığını möhkəmləndirir və ənənəvi ilə bərpa olunan enerji istehsalı arasında balans yaradır. Bu, ölkənin hər iki istiqamətin paralel inkişafına strateji yönümlü siyasətini nəzərə alaraq xüsusilə önəm daşıyır və yüksək, dövlət səviyyəsində dəfələrlə vurğulanıb.

2020-ci ilin 9 yanvar tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında İcra müqaviləsi imzalanıb. 2020-ci ilin 30 dekabr tarixində isə Azərbaycan Respublikasının Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında 240 MVt gücündə külək elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. 2022-ci ilin yanvar ayında stansiyanın təməlqoyma mərasimi keçirilib və bu günki açılış ardıcıl və proqnozlaşdırıla bilən investisiya siyasətinin məntiqli nəticəsi olub.

“ACWA Power” bərpa olunan enerji bazarında sıravi oyunçu deyil. Şirkət dünyanın aparıcı özəl developerlərindən, investorlarından və enerji və su layihələrinin operatorlarından biridir. 2025-ci ilin fevral ayı vəziyyətinə görə, “ACWA Power”in portfeli istismarda, tikintidə və qabaqcıl inkişaf mərhələsində olan 101 enerji və suyun duzsuzlaşdırılması layihəsini əhatə edir və onların ümumi dəyəri təxminən 107,5 milyard ABŞ dollarıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev külək elektrik stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı bildirib ki, bu, “ACWA Power” tərəfindən Azərbaycanda inşa edilmiş ilk bərpa olunan enerji ilə işləyən elektrik stansiyasıdır, lakin sonuncu olmayacaq.

“Şirkətin daha böyük planları var və Azərbaycan dövləti bu planları tam dəstəkləyir”,- deyə Prezident İlham Əliyev bildirib.

“ACWA Power”ın Azərbaycandakı layihələri təkcə bir elektrik stansiyası ilə məhdudlaşmır. 2024-cü ilin may ayında şirkət ilə Azərbaycanın Energetika Nazirliyi 200 MVt gücündə enerji saxlama (BESS) sisteminin layihələndirilməsi üzrə saziş imzalayıb. Bu layihə bərpa olunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyası üçün həlledici əhəmiyyətə malikdir, çünki o, eneri istehsalı dalğalanmalarını idarə etməyə, qonşu enerji sistemləri ilə dayanıqlı əlaqələri saxlamağa və enerji itkilərini minimuma endirməyə imkan verir.

Bundan əlavə, 2025-ci ilin sentyabr ayında Azərbaycan ilə “ACWA Power” arasında Xəzər dənizində suyun duzsuzlaşdırılması zavodunun tikintisi üzrə tərəfdaşlıq sazişi imzalanıb. Layihə layihələndirmə, tikinti, maliyyələşdirmə, istismar və texniki xidmət mərhələlərini əhatə edir və 25 illik müddətə dövlət-özəl tərəfdaşlıq formatında həyata keçiriləcək. Layihə su resurslarının səmərəli idarə olunmasına və əhalinin su təminatının artırılmasına yönəlib.

Əlavə olaraq, Azərbaycan Meliorasiya Elmi-Tədqiqat İnstitutu ilə “ACWA Power” su və torpaq resursları sahəsində bilik və təcrübə mübadiləsini nəzərdə tutan Anlayış Memorandumu imzalayıblar ki, bu da əməkdaşlığın uzunmüddətli və kompleks xarakterini vurğulayır.

Ölkənin BƏM sahəsində potensialına gəlincə, Prezident İlham Əliyevin sözlərinə görə, son 20 ildə Azərbaycanda yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artıb.

“Bu gün bizim generasiya gücümüz təxminən 10 min meqavata bərabərdir. Bu, əgər belə demək mümkündürsə, tarixi rekorddur. Ancaq nəzərə alsaq ki, bundan sonra növbəti illər ərzində bir çox yeni bərpaolunan enerji generasiya gücü yaradılacaq, əlbəttə ki, bu rəqəm daha da artacaq və bizə imkan verəcək ki, həm artan daxili tələbatı lazımi səviyyədə təmin edək, həm də elektrik enerjisini daha böyük həcmdə ixrac edək”,- deyə dövlət başçısı vurğulayıb.

Texniki potensialına görə ölkədə bərpa olunan enerji mənbələrinin gücü quruda 135 QVt, dənizdə isə 157 QVt qiymətləndirilir. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikası “yaşıl enerji” zonaları elan olunub, burada bərpa olunan enerji mənbələrinin ümumi potensialı 20 QVt-a çatır.

Proqnozlara görə, 2027-ci ilə qədər elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payı 25%-ə, 2030-cu ilə qədər isə 30%-ə çatacaq. Birinci mərhələdə (2027-ci ilin sonuna qədər) təxminən 2 QVt gücündə yeni qurğuların istifadəyə verilməsi planlaşdırılır, sonrakı illərdə isə bu rəqəm 6 QVt-dan çox olacaq. Əgər birinci mərhələdə prioritet daxili istehlaka veriləcəksə, sonrakı mərhələdə elektrik enerjisinin ixracı və data mərkəzlərinin enerji təchizatı təmin olunacaq.

Azərbaycanda bərpa olunan enerjinin inkişafı beynəlxalq “yaşıl” enerji dəhlizlərinin formalaşması ilə sıx bağlıdır. Bunlara Xəzər dənizi – Qara dəniz – Avropa, Mərkəzi Asiya – Azərbaycan, Azərbaycan – Türkiyə – Avropa və Azərbaycan – Türkiyə – Gürcüstan – Bolqarıstan marşrutları daxildir. Bu layihələr ölkənin təmiz enerjinin tranzit və ixrac mərkəzi kimi rolunu gücləndirir.

“Xızı–Abşeron” külək elektrik stansiyasının istifadəyə verilməsi Azərbaycanın bərpa olunan enerjidə nöqtəvi layihələrdən sistemli inkişaf mərhələsinə keçdiyinin bariz sübutudur. Ölkə yalnız öz enerji təhlükəsizliyini möhkəmləndirmir, həm də enerjinin ixracı və uzunmüddətli xarici investisiyaların cəlbi üçün dayanıqlı əsas yaradır.

Strateji planlaşdırmanın, beynəlxalq əməkdaşlığın və genişmiqyaslı infrastruktur layihələrinin vəhdəti Azərbaycanın regionda “yaşıl” energetikanın əsas oyunçularından biri kimi mövqeyini möhkəmləndirməsinə imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti