Azərbaycan, Bakı, 23 yanvar/ Trend , müxbir S.Babayeva/ Azərbaycan MDB məkanında ən böyük sürətlə inkişaf edən ölkədir və bizim üçün çox vacibdir. Bu barədə "Hewlett Packard"ın MDB ölkələri üzrə korporativ satış şöbəsinin rəisi Vladimir Yanuşkeviç çərşənbə günü Bakıda bildirib.
"Azərbaycan İT bazarı dünya tendensiyaları ilə birgə addımlayır və biz burada ən qabaqcıl texnologiyaları tətbiq etməkdən məmnunuq" - o qeyd edib.
Yanuşkeviçin sözlərinə görə, bu gün ölkədə informasiya texnologiyaları sferasında keyfiyyət artımı müşahidə olunur-kəmiyyətdən keyfiyyətə keçid baş verib.
HP keçmiş Soveti İttifaqı ərazisində fəaliyyətə 1968-ci ildə başlayıb. HP şirkəti MDB-nin bütün ölkələrində və Monqolustanda təmsil olunub. Şirkət 2004-cü ildə Azərbaycanda kommersiya fəaliyyəti aparmaq hüququ ilə öz nümayəndəliyinin açılması haqqında bəyanat verib. Nümayəndəlik Azərbaycandakı fəaliyyətə görə məsuliyyət daşıyır, iri korporativ sifarişçilərlə qarşılıqlı əlaqə saxlayır, kiçik və orta müəssisələr biznesinin, həmçinin pərakəndə seqmentin inkifaşı ilə məşğul olur.
2007-ci il maliyyə ilində HP-nin ümumi dövriyyəsi $105,8 mlrd. təşkil edib. MDB-də gəlirlər ötən illə müqayisədə 37% artıb.
HP bu dövr ərzində Azərbaycanda Azərbaycanın Dövlət Sosial Müdafiə Fondu, Təhsil Nazirliyi üçün layihə reallaşdırıb, Azərbaycan gənclərinin dəstəklənməsi üçün Bakıda tədris mərkəzi açıb.