...

Rabitə Nazirliyi Azərbaycanın ilk "Azerspace" telekommunikasiya peykinin tikinti prosesi ilə tanış olub

Telekommunikasiya Materials 4 Oktyabr 2010 15:01 (UTC +04:00)
Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov Azərbaycanın ilk "Azerspace" telekommunikasiya peykinin tikinti prosesi ilə tanış olub.
Rabitə Nazirliyi Azərbaycanın ilk "Azerspace" telekommunikasiya peykinin tikinti prosesi ilə tanış olub

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov Azərbaycanın ilk "Azerspace" telekommunikasiya peykinin tikinti prosesi ilə tanış olub. Bu barədə nazirliyin bazar ertəsi yayılan məlumatında deyilir.

Məlumata görə, nazir müavininin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti "Orbital Science Corporation"ın dəvəti ilə korporasiyanın Virciniya Ştatının Dalles şəhərində yerləşən istehsal qurğularına baş çəkib.

Tərəflər peykin tikintisi və orbitə çıxarılması çərçivəsində tədbirlər planını, eləcə də yerüstü peyk avadanlığının layihələndirilməsini müzakirə ediblər.

Peyk Malayziyanın peyk operatoru "MEASAT" şirkətindən icarəyə götürülən 46 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşəcək. "Azerspace"in xidmət zonasına Avropa, Mərkəzi Asiya və Afrika ölkələri daxil olacaq.

"Azerspace" telekommunilkasiya peyki rəqəmli teleradio yayımı xidmətlərinin göstərilməsi, internet şəbəkəsinə çıxış, məlumatların ötürülməsi, VSAT multiservis şəbəkəsinin, eləcə də hökumət əlaqələrinin yaradılması üçün nəzərdə tutulub. "Azerspace" peyki C diapazonlu 24 transponderlə (tezlik zolağı 4-6 GHz) və Ku diapazonlu 12 transponderlə (tezlik zolağı 11-13 GHz) təchiz olunacaq. Peykin orbitdə istismar müddəti 20 ilə qədər təşkil edəcək.

Yaxın günlərdə peykin orbitə çıxarılması üçün raketdaşıyıcının və peykin sığortalanması məsələlərinin müzakirəsi gözlənilir. İndi nazirlik raketdaşıyıcılar istehsal edən şirkətlərin təkliflərinin qiymətləndirilməsi üzrə işlər görür. Onlar arasında "ILS", "Arianespace", "SpaceX" və "Ukroboronservis" şirkətləri var.

Nazirliyin hesablamalarına görə, yaradılmasına 319 milyon dollar vəsait sərf olunması planlaşdırılan peykin (bunun 127 milyon manatı peykin istismar xərcləridir) öz xərcini 6 ilə çıxaracağı nəzərdə tutulub. "Azerspace" milli telekommunikasiya peykinin buraxılışından əldə edilən gəlirlər 495 milyon, mənfəət isə 176 milyon manat təşkil edəcək. Əldə olunan gəlir ölkənin texnoloji inkişafına sərf ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti