Azərbaycan, Bakı, 10 mart / Trend, müxbir H.Vəliyev /
Peşəkar audio, video avadanlıqların və proqram təminatının dünya istehsalçıları Bakıda həllər nümayiş etdirəcək və konfrans zalları, sinif otaqları, dispetçer və situasiya mərkəzləri, "ağıllı evlər", reklam-informasiya sistemləri üçün müasir multimedia imkanları haqqında aktual məlumatları bölüşəcəklər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "AV Club"dan bildirilib.
"AV Club" istehsalçıları, sistem inteqratorlarını, Rusiya, MDB və Şərqi Avropa ölkələrinin bazarlarında isrifadə olunan audio-video, televiziya və şou sənayesinin ixtisaslaşmış avadanlıq və texnologiyalarının diler və distribüterlərini birləşdirən yeganə peşəkar cəmiyyətdir.
Həllərin nümayişi martın 30-da Bakıda keçiriləcək "AV Focus" texnologiyaları üzrə ikinci ixtisaslaşmış forum çərçivəsində baş tutacaq.
Forumun iştirakçıları arasında "Mitsubishi Electric", "Projection Design" və "Panasonic" kimi şirkətlər də var.
Forum çərçivəsində təşkil olunacaq nümayiş zonasında akustik sistemlər, infraqırmızı səs sistemləri, plazma panelləri, videokublar, kabellər, proyeksiya avadanlıqları, LCD-panellər, kommutasiya avadanlıqları, proyeksiya ekranları, interaktiv lövhələr, monitorlar, proyektorlar üçün dayaqlar, idarəetmə və proqram həll sistemləri nümayiş olunacaq.