...

Azərbaycanda genişzolaqlı internetin inkişafı üzrə konspesiya evdən qoşulmaların sayını artıracaq

Telekommunikasiya Materials 26 Aprel 2011 18:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir H.Vəliyev/

"2011-2013-cü illərdə Azərbaycanda genişzolaqlı internetin inkişafına dair konsepsiya" bütün respublika ərazisində evdən qoşulmaların sayının artmasına xidmət edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

Nazir müavininin sözlərinə görə, bu gün internetin bütün respublika ərazisində inkişaf etməsinə və bunun üçün bütün əlverişli şəraitin yaradılmasına baxmayaraq, onun inkişaf templərini qənaətbəxş adlandırmaq olmaz.

"Azərbaycanda internetin inkişafı üçün bütün lazımi şərait yaradılıb. Hazırda min internet mərkəzindən orta hesabla 400-ü regionlarda yerləşir. Burada internet şəbəkəsinin ictimai istifadə mərkəzləri və təhsil müəssisələri nəzərə alınır. Bu, inkişaf və inkişaf üçün imkanların olmasının göstəricisidir. Hazırda əsas məqsəd genişzolaqlı internetin hər bir ev istifadəçisinə çatdırılmasıdır. Burada əsas rolu hazırda NGN şəbəkəsi bazasında tikilən infrastrukturun texniki hazırlığı oynayacaq", - Vəlizadə qeyd edib.

Nazir müavininin sözlərinə görə, yeni konsepsiyanın formalaşdırılması üzrə işlər tamamlama mərhələsindədir və yaxın vaxtlarda təqdim ediləcək.

Konsepsiyada operatorların telekommunikasiya qovşaqlarında genişzolaqlı internet portlarının sayının artırılması, tariflərin azaldılması, təklif olunan tarif planlarının sayının artırılması, multimedia xidmətlərinin göstərilməsi üçün infrastrukturun inkişafı, kontent-xidmətlərin (bank xidmətləri, elektron ticarət və s.) genişləndirilməsi nəzərdə tutulur.

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin statistikasına əsasən, 2010-cu ilin sonuna olan vəziyyətə görə, respublikada internetin yayılma səviyyəsi 12 faiz təşkil edib. Nazirliyin hesablamalarına görə, 2011-ci ildə genişzolaqlı çıxış bazarında artım təxminən 40 faiz təşkil edəcək.

Son ilyarım ərzində Azərbaycanda internet tarifləri 8-9 dəfə azaldılıb və bu gün 1 Mbit/s sürətlə ADSL xidmətinə qoşulma üzrə orta qiymət 20 manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti