...

"Azercell" Bakcell-in iddiasını əsassız sayır

Telekommunikasiya Materials 5 Avqust 2011 17:32 (UTC +04:00)
Azercell-in Korporativ ünsiyyət şöbəsinin rəhbəri Ülviyyə Həsənzadə bildirib ki, Azercell indi də hesab edir ki, Bakcell-in bu iddiası əsassızdır.
"Azercell" Bakcell-in iddiasını əsassız sayır

Azərbaycan, Bakı, 5 avqust /Trend/

İyulun 26-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Bakcell-in Azercell-ə qarşı iddiasını təmin edib. Sözügedən mübahisə arabağlantı tariflərinin 2009-cu ilin aprelindən etibarən 1 dəqiqəsi 2 qəpikdən hesablanması ilə əlaqədardır.

Azercell-in Korporativ ünsiyyət şöbəsinin rəhbəri Ülviyyə Həsənzadə bildirib ki, Azercell indi də hesab edir ki, Bakcell-in bu iddiası əsassızdır.

"Azercell Bakcell-in 3 avqust 2011 tarixli açıqlamasını da Bakcell şirkətinin öz mövqeyi kimi qəbul edir. Azercell 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarını tamamilə ədalətsiz sayır. Heç şübhəsiz ki, şirkətimiz məhkəmənin qətnaməsini rəsmi surətdə aldıqdan sonra apelyasiya şikayəti verəcək. Məlum olduğu kimi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 1-ci instansiya məhkəməsidir və bu məhkəmənin qərardadının qanuni qüvvəyə minməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində bütün məhkəmə instansiyaları o qərarı dəyişdirilmədən saxlamalıdır ki, həmin qərar qanuni qüvvəyə minmiş hesab edilsin", - o deyib.

"Azercell Telekom" MMC bu gün Azərbaycanın mobil rabitə bazarının 55%-nə nəzarət edir. Onun şəbəkəsi ölkənin 80%-ni əhatə edir və bu da Azərbaycan əhalisinin 99,8%-nin "Azercell" tərəfindən təmin olunan keyfiyyətli mobil rabitə xidmətlərindən istifadə edə bilməsi deməkdir. 2011-cu ilin əvvəlinə "Azercell" abonentlərinin sayı 4 milyon 207 min nəfər təşkil edib.

"Azercell" 2010-cu il ərzində Azərbaycanda telekommunikasiyanın inkişafına təqribən 108,2 milyon dollar, ölkədə fəaliyyət göstərdiyi 15 il ərzində isə 884,8 milyon dollara yaxın investisiya yatırıb. "Azercell" ölkənin qeyri-neft sektorunun ən böyük investorudur.

2010-cu ildə "Azercell" dövlət büdcəsinə təqribən 114,6 milyon ABŞ dolları, 14 il ərzində isə təqribən 868,2 milyon ABŞ dolları həcmində vəsait ödəyib.

"Azercell Telekom" MMC həmişə abonentlərə yüksək səviyyəli xidmətlər göstərmək ənənəsinə sadiq olmaqla yanaşı, sağlam rəqabətin və şəffaflığın tərəfdarı olub. Azercell öz illik nəticələrini hər il media və ictimaiyyətlə bölüşən yeganə mobil rabitə şirkətidir.

Xəbər lenti

Xəbər lenti