Azərbaycan, Bakı, 19 may /Trend, müxbir H.Vəliyev/
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi paytaxtda 100 elektron köşkün - multimedialı taksofonların quraşdırılmasını başa çatdırıb. Bu barədə şənbə günü Trend-ə İB-dən məlumat verilib.
Elektron köşklər Bakının mərkəzi küçələrində, insanların kütləvi şəkildə toplaşdıqları yerlərdə, Bakı Metropolitenində, Dənizkənarı Milli Parkda və "Eurovision 2012" mahnı müsabiqəsinin keçiriləcəyi yerin yaxınlığında quraşdırılıb.
Multimedialı taksofonlar vasitəsilə xidmətlərin göstərilməsi həm iri əsginazlardan və sikkələrdən istifadə etməklə, həm də operatorun taksofon kartlarının köməyi ilə həyata keçirilir.
Multimedialı qurğular özündə taksofon və kompüterin funksiyalarını birləşdirir. Adi telefon xidmətləri ilə yanaşı, qurğu yerli, şəhərlərarası və beynəlxalq rabitəni təmin edir, internet şəbəkəsinə çıxmağa, elektron məktub göndərməyə, videoçarxlara baxmağa və s. imkan verir. Qurğu Bluetooth və USB portları ilə təchiz olunub.