...

Azərbaycan Ümumdünya Poçt İttifaqının 25-ci Konqresinə təklif təqdim edib

Telekommunikasiya Materials 25 Sentyabr 2012 12:00 (UTC +04:00)
Azərbaycan poçt administrasiyası tərəfindən Ümumdünya Poçt İttifaqının (ÜPİ) 25-ci Konqresinə təkliflər paketi müzakirə üçün təqdim edilib.
Azərbaycan Ümumdünya Poçt İttifaqının 25-ci Konqresinə təklif təqdim edib

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir H.Vəliyev /

Azərbaycan poçt administrasiyası tərəfindən Ümumdünya Poçt İttifaqının (ÜPİ) 25-ci Konqresinə təkliflər paketi müzakirə üçün təqdim edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.

Nazirliyin məlumatına görə, həmin təkliflər ümumiyyətlə, poçt sahəsinin işinin təkmilləşdirilməsi və tənzimlənməsi, xidmətlərin keyfiyyətinin yüksəldilməsinə yönəlib.

Sentyabrın 24-də Dohada (Qətər) Ümumdünya Poçt İttifaqının (ÜPİ) 25-ci Konqresi öz işinə başlayıb. Tədbir oktyabrın 15-dək davam edəcək.

Tədbirdə 192 üzv ölkənin iştirakı gözlənilir. Azərbaycanı Konqresdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndələri təmsil edir.

Dörd ildən bir keçirilən tədbirdə növbəti dövr üçün strategiya (Doha Poçt Strategiyası) qəbul olunacaq, dünya ölkələrinin təqdim etdikləri təkliflər müzakirə ediləcək.

Doha Konqresində, həmçinin ÜPİ-nin Beynəlxalq Bürosuna yeni baş direktor və müavinlər seçiləcək, İttifaqın ali orqanları - Administrativ Şura və Poçt Əməliyyatları Şurasına seçkilər keçiriləcək. Azərbaycan Administrativ Şuraya ardıcıl olaraq 2 dəfə üzv seçildiyindən, növbəti dövr üçün mövcud qaydalara uyğun olaraq, namizədliyini irəli sürməyib, lakin Poçt Əməliyyatları Şurasına üzvlüyə namizəddir.

Müzakirələr nəticəsində Konqresin sonunda ÜPİ-nin yekun aktları qəbul olunacaq.

Xəbər lenti

Xəbər lenti