Azərbaycan, Bakı, 12 mart /Trend/
İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalını fevral ayında 19 minə yaxın internet istifadəçisi ziyarət edib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, internet istifadəçilərinin 300-dən çoxu Almaniya, Türkiyə, ABŞ, Rusiya, Fransa, Böyük Britaniya, İtaliya, Belçika, İsveç, Ukrayna, Çexiya, Seneqal, Makedoniya, Avstriya, Özbəkistan, Sloveniya, Polşa, Qazaxıstan və Niderlanddandır. Ölkə xaricindən daxil olmuş müraciətlər arasında Qərbi Avropa və MDB ölkələri üstünlük təşkil edir. Ümumilikdə, indiyədək portalın fəaliyyətindən 106 mindən çox internet istifadəçisi yararlanıb.
Sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri də icazələrin elektron informasiya portalında yerləşdirilir. Fevral ayında 3 mərkəzi icra hakimiyyəti orqanının 8 qanunvericilik aktının layihəsi icazələrin elektron informasiya portalında yerləşdirilib. Ümumilikdə, indiyədək 13 mərkəzi və 1 yerli icra hakimiyyəti orqanı tərəfindən hazırlanmış 108 qanunvericilik aktının layihəsi www.icazeler.gov.az portalında yerləşdirilib.
Qanunvericilik aktlarının layihələrinin portalda yerləşdirilməsi sahibkarların məlumatlılıq səviyyəsini yüksəltməklə yanaşı, qanunvericilik aktlarının hazırlanmasında onların iştirakına, həmçinin sahibkarlıq sahəsini tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanması prosesinin daha da şəffaf aparılmasına imkan yaradır.
Qeyd edək ki, www.icazeler.gov.az portalı icazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin artırılması məqsədilə yaradılmışdır.