...

"Türk Telekom" Azərbaycanın təhsil sistemi üçün interaktiv proqram təminatını təklif edib

Telekommunikasiya Materials 8 May 2013 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir H.Vəliyev/

Türkiyənin "Türk Telekom" telekommunikasiya şirkəti Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə "Vitamin" proqramının Azərbaycanın təhsil sistemində tətbiqi imkanını təklif edib.

Nazirlikdən çərşənbə günü Trend-ə verilən məlumata görə, bu məsələ mayın 7-də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun "Türk Telekom" telekommunikasiya şirkətinin baş direktoru Tahsin Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə müzakirə edilib.

"Türk Telekom" şirkəti tərəfindən hazırlanan "Vitamin" interaktiv proqram təminatı məktəblərin təhsil texnologiyalarına geniş çıxışını təmin etməyə, onlayn-tədris təşkil etməyə, kağızdan istifadəyə çəkilən xərcləri azaltmağa və s. imkan verir.

Görüşdə nazir bildirib ki, son dövrlər "Türk Telekom" tərəfindən müasir texnologiyaların tətbiqi və yeni xidmətlərin bazara təqdim edilməsi sahəsində görülən işlər digər ölkələr üçün də nümunədir. Əli Abbasov ölkələrimiz arasında mövcud qardaşlıq və strateji əməkdaşlığın gücləndirilməsində informasiya-kommunikasiya texnologiyalarının, o cümlədən "Türk Telekom"un özünəməxsus yeri olduğunu vurğulayıb.

Öz növbəsində, ölkəmizdə genişzolaqlı internet xidmətlərinin genişləndirilməsi ilə bağlı aparılan tədbirləri yüksək qiymətləndirən Tahsin Yılmaz Azərbaycanda yerli kontentin formalaşdırılması, həmçinin telekommunikasiya şəbəkəsinin genişlənməsi, yeni xidmətlərin təqdim edilməsi sahəsində öz təcrübələrini paylaşmağa hər zaman hazır olduqlarını vurğulayıb.

Türkiyə şirkətinin Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM) Konsorsiumunun formalaşmasında ilk operatorlardan biri olduğunu xatırladan Yılmaz layihənin gerçəkləşməsinin Avropa ilə Çin arasında elektron ticarətin, kontenin inkişafına gətirib çıxaracağına, bunun isə türkdilli ölkələr, xüsusən də Türkiyə ilə Azərbaycan üçün faydalı olacağını söyləyib.

Şirkətin bu istiqamətdə bütün iqtisadi imkanlarını səfərbər edəcəyini də deyən baş direktor gələcəkdə bununla bağlı Orta Asiya ölkələri ilə aparılan danışıqların intensivləşdiriləcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti