Azərbaycan, Bakı, 13 may /Trend/
"Azercell" şirkəti "Facebook" üzərindən daha yeni bir xidmətin tətbiqinə başlayır. Mayın 13-dən etibarən "Facebook" istifadəçiləri Azercell-in müştəri xidmətlərindən daha rahat şəkildə istifadə edə biləcəklər.
Öz müştərilərinə yalnız masa qarşısında deyil, həm də virtual, onlayn şəkildə xidmət göstərən "Azercell" sosial şəbəkələrdə də bu xidmətin keyfiyyətini yüksəldir. Bu dəfə şirkət tərəfindən "Facebook" istifadəçilərinin işini asanlaşdıran bir yeniliyə imza atılıb. Belə ki, artıq Azercell-in Facebook-dakı rəsmi səhifəsinin bütün istifadəçiləri öz suallarını, istək və müraciətlərini xüsusi "Müştəri xidməti" tətbiqetməsi vasitəsilə verə biləcəklər.
Bu proqram istifadəçilərin müraciətlərinin digərləri tərəfindən görünməməsinə imkan verir. Yəni arzu edənlər öz suallarını özəl mesaj şəklində də müştəri xidmətinə göndərə biləcəklər. Bundan əlavə, yeni tətbiqetmə vasitəsilə Facebook-da profil sahibləri əlavə linklər açmadan, digər mənbələrə üz tutmadan Azercell-ə aid gündəmdə olan və tez-tez soruşulan suallara da hazır cavabları nəzərdən keçirmək imkanı qazanacaqlar.
Azercell-in rəsmi "Facebook" səhifəsində istifadəyə verilən "Müştəri xidməti" yeni tətbiqetməsi çox rahat interfeysə malikdir. Burada Azercell-in ən son kampaniyaları, yeni xidmətləri ilə eyni anda tanış olmaq mümkündür. Xidmətin üstünlüklərindən biri də burada onlayn ödənişlərin mümkün olmasıdır.
Müştəri məmnuniyyətinə böyük önəm verən "Azercell Telekom" MMC abunəçilərə daha yüksək səviyyədə xidmət göstərmək məqsədilə bundan sonra da müxtəlif yenilikləri tətbiq etməyi nəzərdə tutub.