Azərbaycan, Bakı, 17 may /Trend/
İqtisadi İnkişaf Nazirliyi tərəfindən icazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış www.icazeler.gov.az portalını aprel ayında 13400-ə yaxın internet istifadəçisi ziyarət edib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iİnternet istifadəçilərinin 180-ə yaxını Almaniya, Türkiyə, ABŞ, Rusiya, Böyük Britaniya, Ukrayna, Çexiya, Özbəkistan, Kanada, Belçika, Gürcüstan və Fransadan olub. Ay ərzində ölkə xaricindən daxil olmuş müraciətlər arasında Qərbi Avropa ölkələri üstünlük təşkil edib. Ümumilikdə, indiyədək portalın fəaliyyətindən 130 mindən çox internet istifadəçisi yararlanıb.
Sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri də icazələrin elektron informasiya portalında yerləşdirilir. Aprel ayında 3, ümumilikdə isə 111 qanunvericilik aktının layihəsinin icazələrin elektron informasiya portalında yerləşdirilməsi təmin edilib.