...

Xaçmazda İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlərə dair tədbir keçirilib

Telekommunikasiya Materials 27 İyul 2013 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyul /Trend/

İyulun 27-də Xaçmazda "İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlər" mövzusunda tədbir keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə aidiyyəti dövlət qurumlarının, Xaçmaz və ətraf rayonların icra hakimiyyətlərinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri və Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak etmişdir.

Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri tərəfindən nazirliyin göstərdiyi elektron xidmətlər və onlardan istifadə qaydaları barədə məlumat verilmişdir. Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov çıxışında "Elektron Hökumət"ə dair Dövlət Proqramı çərçivəsində dövlət orqanlarında, o cümlədən İqtisadi İnkişaf Nazirliyində elektron xidmətlərin tətbiqinin genişləndirildiyini vurğulamışdır. Bu isə modern və çevik idarəetmənin təmin edilməsi, işin səmərəli təşkili və vaxt itkisinin qarşısının alınması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Bildirilmişdir ki, Azərbaycan Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanına uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin www.economy.gov.az internet saytında elektron xidmətlər bölməsi yaradılmışdır. Hazırda nazirlik tərəfindən 7 istiqamətdə interaktiv, 10 istiqamət üzrə isə informativ elektron xidmətlər göstərilir. Elektron xidmətlər bölməsində nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə lisenziyaların, malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilmişdir. Bu bölmə sahibkarlara tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş dövlət rüsumlarının və xidmət haqlarının ödənişini onlayn rejimində həyata keçirməyə imkan verir. Nazirlikdə kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin elektron qeydiyyatı da aparılır. Eyni zamanda, cərimə və maliyyə sanksiyalarının onlayn rejimində elektron ödənilməsi üçün imkanlar yaradılmışdır.

Bütün bunlarla yanaşı, İqtisadi İnkişaf Nazirliyi tərəfindən vətəndaşlara elektron informasiya resursları vasitəsilə onlayn rejimində qəbula yazılma, müraciətlərin onlayn rejimində qəbulu və cavablandırılması, nazirliyin məsul işçiləri ilə canlı videoəlaqənin qurulması, onlayn rejimində sual-cavab və ən çox verilən suallar sistemi, dövlət proqramlarının icrası barədə informasiya sistemi (rəqəmsal xəritə), icazələrin elektron informasiya portalı - www.icazeler.gov.az, elektron ticarət portalı - www.b2b.az, nazirliyin press-relizlərinə elektron abunə yazılışı kimi informativ elektron xidmətlər göstərilir.

Nazirliyin Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Bəxtiyar Alışov İqtisadi İnkişaf Nazirliyi tərəfindən Avropa İttifaqının "İqtisadi İnkişaf Nazirliyinə Dəstək" layihəsi çərçivəsində Avropa İttifaqı bazarına Azərbaycandan ixracın asanlaşdırılması məqsədilə yaradılmış İxracata Yardım Xidmət Mərkəzinin internet səhifəsi, bu səhifədən istifadə qaydaları və portalın faydası barədə sahibkarları məlumatlandırmışdır.

Nazirliyin Elektron idarəetmə şöbəsinin müdiri Kamran Əliyev və Ümumi şöbənin müdiri Rövşən Ataşov tədbir iştirakçıları üçün əyani olaraq lisenziyaların alınması, qrant müqavilələrinin qeydiyyatı, mənşə sertifikatının verilməsi, cərimələrin və maliyyə sanksiyalarının ödənilməsi, vətəndaşların qəbulu və s. xidmətlərdən onlayn rejimində istifadə prosedurunu nümayiş etdirmişdir.

Tədbirdə iştirak edən digər qurumların nümayəndələri elektron xidmətlərin tətbiqinin səmərəliliyin yüksəlməsinə, sahibkarlar və icra strukturları arasında əlaqələrin keyfiyyətinin yaxşılaşmasına, operativliyin və şəffaflığın təmin olunmasına imkan yaratdığını bildirmiş, elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən işlərin əhəmiyyətini qeyd etmişlər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti