...

Azərbaycan və Argentina kosmik sənaye sahəsində əməkdaşlıq etmək niyyətindədirlər

Telekommunikasiya Materials 21 Fevral 2014 14:07 (UTC +04:00)
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Riva ilə görüşüb.
Azərbaycan və Argentina kosmik sənaye sahəsində əməkdaşlıq etmək niyyətindədirlər

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Riva ilə görüşüb.

Nazirlikdən cümə günü Trend-ə verilən məlumata görə, son illər ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından söz açan nazir bir çox istiqamətlərdə, o cümlədən İKT sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu, qarşılıqlı fəaliyyətin genişləndirilməsi və daha da möhkəmləndirilməsi üçün əsaslı zəmin yarandığını vurğulayıb.

Azərbaycanın İKT sahəsində atdığı addımları yaxından izlədiyini deyən səfir Karlos Dante Riva ölkəsinin bu sektorda, xüsusən də kosmik sənaye və telekommunikasiya istiqamətləri üzrə əməkdaşlıqda maraqlı olduğunu vurğulayaraq, artıq Argentinanın kosmik texnologiyalar üzrə ixtisaslaşan "İNVAP" şirkətinin qarşı tərəfə - "Azərkosmos" ASC-yətəkliflər göndərdiyini diqqətə çatdırıb.

Ölkələrimiz arasında uğurlu, çoxşaxəli münasibətlərin inkişafında kosmik sənayenin də yer tutacağına ümidvar olduğunu deyən diplomat əməkdaşlığımızın genişləndirilməsində birgə layihələrin vacibliyini önə çəkərək, "Bakutel-2014" sərgi-konfransında iştirak edəcək Argentina şirkətlərinin seçim prosesinin aparıldığını bildirib.

Öz növbəsində nazir mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, səfirin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə tərəfdaşlıq əlaqələrimizin daha da gücləndiriləcəyinə ümidvar olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti