Azərbaycan, Bakı, 24 sentyabr /Trend/
Azərbaycan mobil rabitə bazarının lideri Azercell Telekom fəaliyyətə başladığı gündən gənclərin elm və təhsilinin inkişafı üçün bir sıra uğurlu layihələr həyata keçirib. Bu layihələr sırasında ölkə universitetlərində 3G və 4G laboratoriyalarının təşkili, Barama İnnovasiya Mərkəzi nəzdində reallaşan saysız uğurlu layihələr, müxtəlif Tələbə Proqramlarını xüsusilə qeyd etmək olar. Şirkətin 2008-ci ildən etibarən tələbələrə təqdim etdiyi Tələbə Proqramının bu il üçün nəticələri müəyyən edilib.
Tələbə Proqramının çox mərhələli seçimləri nəticəsində 12 tələbə Azercell-in təqaüdçüsü adına layiq görülüb. Bu tələbələr ali təhsillərinin sonunadək Azercell şirkətindən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər. Proqramın qalibləri sırasında Qafqaz Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Dövlət Aqrar Universitetinin,Gəncə Dövlət Universitetinin, Azərbaycan Texnologiya Universitetinin tələbələrinin adları yer alıb.
Qeyd edək ki, qaliblərin seçilməsi üçün 3 mərhələ keçirilib. Birinci seçim mərhələsi tələbələrin onlayn rejimdə təqdim etdikləri ərizələrin və sənədlərin dəyərləndirilməsindən ibarət olub. İkinci seçim mərhələsində tələbələrə məntiq məsələlərindən ibarət yazılı tapşırıqla yanaşı müxtəlif mövzularda ingilis dilində inşa yazmaq tapşırığı verilib. Nəhayət, sonuncu mərhələdə tələbələr Azercell-in rəhbər vəzifələrində çalışan işçiləri və mütəxəssisləri tərəfindən keçirilən üz-üzə müsahibələrdə iştirak ediblər. Tələbə Proqramının məqsədi müvəffəqiyyətlə təhsil alan tələbələrə xüsusi qayğı göstərmək və onların gələcəkdə peşəkar kimi formalaşmasına dəstək olmaqdır.
Qeyd edək ki, Azərbaycanlı tələbələr tərəfindən çox maraqla qarşılanan bu proqram 2008-ci ildən etibarən hər tədris ilində təqdim edilir. Bu müddət ərzində Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 50-dən çox tələbə Azercell-in təqaüdçüsü adına layiq görülüb. Onlar Azercell-dən təqaüd almaqla yanaşı, həm də şirkətin mütəxəssislərinin yardımı ilə gələcək karyeraları üçün əvəzedilməz təcrübə qazanıblar.
Bununla da Azercell Telekom korporativ sosial məsuliyyətli fəaliyyətini gücləndirir və cəmiyyətimizə daha artıq töhfə verməkdə davam edir.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti "Asan İmza" və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.