Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir Hüseyn Vəliyev/
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi abonentlərin şikayətlərini operativ nəzərdən keçirəcək işçi qrupu formalaşdırıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda quruma daxil olan şikayətlər ətraflı öyrənilir və bu istiqamətdə işlər ilin sonunadək davam etdiriləcək, sonra onların aradan qaldırılması üzrə müvafiq tədbirlər görüləcək.
İ.Məmmədov qeyd edib ki, sorğuların böyük əksəriyyəti texniki xarakterlidir: "Bəzi yerlərdə son istifadəçilərin sorğularını qarşılamaq üçün telekommunikasiya şəbəkələrinin lazımi gücə malik olmaması halları və ya bürokratiya ilə əlaqədar faktorlar mövcuddur. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mövcud problemlərin aradan qaldırılması üçün zəruri tədbirlər görür".
Nazirik tərəfindən şikayətlərin baxılması məqsədilə 598-08-69 nömrəli "qaynar xətt" işə salınıb. Müraciətlər həftənin beş günü saat 09:00-dan 18:00-dək qəbul edilir. Bundan başqa, nazirliklə [email protected] elektron poçtu vasitəsilə əlaqə saxlamaq mümkündür.